USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan “Yaşıl” gələcəyə “yaşıl işıq” yandırır


https://img.baki-baku.az/news/2024/02/photo_11338.jpg

COP29 ölkəmizin qlobal iqlim təşəbbüslərinə önəmli töhfəsi olacaq

Dünya birliyinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ilə bağlı yekdil qərarı Azərbaycana olan etimadın göstəricisidir. Bu, həm də dünyamızın getdikcə daha çox qloballaşdığı bir şəraitdə Cənubi Qafqazda yaranan yeni reallığın beynəlxalq birlik tərəfindən etirafı deməkdir. 

Ötən müddətdə qlobal enerji və nəqliyyat-logis­tika layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanınan Azərbaycan hazırda dünyanın priori­tet elan etdiyi “yaşıl keçid” platformasına da mü­hüm töhfələr verir. Bu baxımdan beynəlxalq birlik cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29-dan çox şey gözləyir. Hətta karbon emissiyalarının azaldılması, “yaşıl enerji”yə keçidlə bağlı tədbir­lərin maliyyələşdirilməsi ilə bağlı məsələlərin də məhz Bakı konfransında həllinə ümidlər böyükdür. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşündə iqlim maliyyələşdirilməsinin COP29-un əsas mövzusu olacağını vurğulayaraq bildirib ki, Azərbaycan da bu xüsusda qlobal həm­rəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səy­lərini davam etdirəcək. 

Yeri gəlmişkən, ötən həftənin sonlarında keçi­rilmiş Münxen Təhlükəsizlik Konfransında ən çox müzakirə olunan məsələlərdən biri də COP29-la bağlı olub. Prezident İlham Əliyev konfrans çər­çivəsində keçirdiyi görüşlər zamanı Azərbaycanın COP29-la əlaqədar bir daha özünün iqlim dəyişik­liyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əz­mini nümayiş etdirdiyini diqqətə çatdırıb. Dövlətimi­zin başçısı fevralın 17-də ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşündə Azərbaycanın milli səviyyədə bərpaolunan enerji və “yaşıl keçid” prosesi sahəsində ciddi tədbirlər həyata keçirdiyini, bu istiqamətdə region səviyyə­sində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısına prezident seçkilərində qələbə və Birləşmiş Mil­lətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakı­da keçirilməsi münasibətilə təbriklərini çatdıran Con Kerri iqlim maliyyələşdi­rilməsi mövzusunun gündəlikdə du­ran əsas məsələlərdən biri olduğunu vurğulayaraq hazırda “yaşıl” keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nə­ticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişik­liyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Həmin gün dövlətimizin başçısı ilə görüşən ABŞ-ın Dövlət katibi Antoni Blinken indiki dövrün Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacib olduğunu vurğu­layıb. O, COP29-un Azərbaycanda ke­çirilməsi münasibətilə təbriklərini çatdı­raraq konfrans çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır ol­duğunu qeyd edib.

Prezident İlham Əliyev isə ABŞ Dövlət katibinə təşəkkürünü bildirərək COP29-un ölkələrimiz arasında ikitərəfli gündəliyin önəmli bir hissəsi olduğunu vurğulayıb, Azərbaycanın bütün təşəbbüslərində ABŞ hökumə­tinin dəstəyinə ümid etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçi­nin COP29-un Azərbaycanla ABŞ ara­sında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaratdığını vurğulayıb. 

Bununla yanaşı, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konf­ransı çərçivəsində Avropa Komissiya­sının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdır­ma üzrə icraçı vitse-prezidenti Maroş Şevçoviç, Birləşmiş Ərəb Əmirlikləri­nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konf­ransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid, Münxen Təhlükəsizlik Konfransının sədri Kriş­tof Xoysqen və başqaları ilə görüşləri zamanı da COP29-la bağlı ətraflı mü­zakirələr aparılıb, bu beynəlxalq plat­formanın iqlim dəyişiklikləri məsələlə­rinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.

Bugünlərdə Fransanın paytaxtı Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Kon­fransının “COP28-dən sonra: birləş­mək, hərəkət etmək və Birləşmiş Ərəb Əmirliklərində əldə olunmuş konsensu­su həyata keçirmək vaxtıdır” adlı sessi­yalar üzrə yüksək səviyyəli dəyirmi ma­sada çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev isə deyib ki, COP29-da əsas vəzifələrdən biri maliyyələşdirmə mexanizmlərini in­kişaf etdirmək olacaq. Onun sözlərinə görə, ölkələrin, beynəlxalq təşkilatların və özəl sektorun səylərinin birləşdiril­məsini tələb edən zərərin azaldılması, uyğunlaşdırılması və ödənilməsi üçün maliyyənin səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edəcək. 

COP29-la bağlı məsələlər Azər­baycanın energetika naziri Pərviz Şahbazovun bugünlərdə ABŞ Dövlət Departamentində keçirdiyi görüşlə­rin də əsas müzakirə mövzusu olub. Energetika Nazirliyinin məlumatına görə, Vaşinqtonda ABŞ Prezidenti­nin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk ilə görüşdə COP29 tədbirinə sədrliyi dövründə Azərbayca­nın “yaşıl enerji” keçidini sürətləndirən kursu, Milli Səviyyədə Müəyyən Olun­muş Töhfələr, “yaşıl enerji” dəhlizi üzrə ABŞ ilə əməkdaşlığa dair məsələlər ət­rafında fikir mübadiləsi aparılıb. Azər­baycanın “yaşıl inkişaf”ına nail olmaq məqsədilə qısa müddətdə enerji sahə­sində yeni qanunvericilik bazasının yaradıldığı, elektrik enerjisində bərpa­olunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdı­rılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyasının istisma­ra veriləcəyi bildirilib. 

Görüş zamanı, həmçinin Xəzər də­nizinin 157 qiqavat külək enerjisi po­tensialı əsasında “yaşıl” elektrik ener­jisi və “yaşıl qaz”ların ixracı məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə “yaşıl enerji dəhlizi”nin icra olunduğu qeyd edilib. Eyni zamanda, ABŞ ilə bu enerji dəhli­zi üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, SOCAR-ın “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qo­şulması, məşəldə yandırmaları sıfıra endirmək, sıfır metana çatmaqla bağlı hədəfləri ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə sadiqliyinin göstəricisi kimi dəyərləndirilib.

Energetika nazirinin ABŞ Enerji Departamentinin katibi Cennifer Qran­holm ilə görüşündə ikitərəfli enerji əməkdaşlığının yeni mərhələdə inkişa­fı, təbii qaz və “yaşıl enerji”nin tədarü­kü, həmçinin COP29-la bağlı məsələlər müzakirə edilib. Nazirliyin məlumatı­na görə, görüş zamanı Azərbaycanın ənənəvi enerji təchizatçısı kimi həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, eləcə də “Xəzər–Qara dəniz–Avropa” və “Mərkəzi Asiya–Azərbaycan–Avro­pa” “yaşıl enerji” dəhlizlərinin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu dəhliz­lərin əhəmiyyəti regionlararası inteqra­siya, enerji təhlükəsizliyi və enerji keçi­di aspektində dəyərləndirilib.

Söhbət zamanı COP29-a sədrlik edən ölkə kimi Azərbaycanın bərpaolu­nan enerji və enerji keçidi istiqamətlə­rində gördüyü tədbirlərdən, qlobal iqlim məqsədlərinə nail olmaq üçün göstər­diyi səylərdən ətraflı bəhs edilib. Qeyd olunub ki, 2027-ci ilədək 2 qiqavat “yaşıl enerji” istehsalı güclərinin ener­ji sisteminə inteqrasiyası nəticəsində qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payı 33 faizə çatacaq. Bununla yanaşı, ölkəmizin sosial-iqti­sadi inkişaf strategiyası, işğaldan azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsinin “yaşıl enerji” keçidini təşviq etdiyi vurğulanıb. 

Görüşdə, həmçinin enerji saxlanc sistemləri, emissiyaların azaldılması və Azərbaycanın COP çərçivəsində təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, mümkün tərəfdaşlıq formaları nəzərdən keçirilib.

M.YAQUBZADƏ




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

Rəna MİRZƏZADƏ