USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kənddə bolluğun mayası su ilə yoğrulur

İxracyönümlü aqrar məhsulların 90 faizindən çoxu belə torpaqların payına düşür


https://img.baki-baku.az/news/2024/03/photo_11722.jpg

Ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı, eləcə də daxili bazarın kənd təsər­rüfatı məhsullarına olan tələbatının ödənilməsi əkin sahələrinin suvarılmasın­dan çox asılıdır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda ixracyönümlü kənd təsərrüfatı məhsullarının 90 faizindən çoxu suvarılan torpaqların payına düşür. Məhz buna görədir ki, son illər Azərbaycanda kənd təsərrüfatının suvarma su­yuna olan tələbatının ödənilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Son 5 ildə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə ölkə üzrə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb. Bu da dövlətin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğısının nəticəsidir. 

Bununla belə, Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun prioritet istiqaməti kimi intensiv inkişaf yolunda olsa da, əkin sahələrinin suvarılması üçün lazımi su ehtiyatları intensiv şəkildə azalmaqdadır. Bu da əkin sahələrinin quraqlıqdan məhv olmasına, son nəticədə məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur. Elə 2023-cü ildə ölkəmizdə 160 min hektara yaxın əkin sahəsinin su çatışmazlığından məhv olması da bunu deməyə əsas verir.

Hazırda ölkəmizdə, təxminən, 1,5 milyon hektar suvarılan sahələr var ki, onların da 78 faizi birillik, 9 faizi çoxillik əkinlərin, 13 faizi isə örüş sahələrinin payına düşür. Bu barədə kənd təsərrüfa­tı naziri Məcnun Məmmədov ötən həftə Bakı Su Həftəsi Beynəlxalq Konfransının açılış mərasimində deyib. Dünyada da­vam edən iqlim dəyişikliyinin Azərbayca­na təsirsiz ötüşmədiyini vurğulayan nazir deyib ki, bu məsələ ölkəmizdə də ciddiyə alınmalı, bir sıra hazırlıq tədbiri görülmə­lidir. Azərbaycanda məhsul istehsalının genişləndirilməsi və sudan istifadədə qə­naətə nail olunması üçün suyun sistemli şəkildə idarə edilməsinin vacibliyini önə çəkən M.Məmmədov deyib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi Dövlət Su Ehti­yatları Agentliyi ilə bu istiqamətdə lazımi işlər görür. Nazirin sözlərinə görə, ilk növ­bədə, ölkənin hər yerində mümkün qədər su ehtiyatı toplanmalı, böyük ölçülü re­zervuarlar yaradılmalı, köhnələr bərpa olunmalıdır. Bununla yanaşı, itkiləri azalt­maq üçün suyun nəqli qapalı sistemə keçirilməli, mümkün olmayan yerlərdə, xüsusən də, aran zonalarında torpaq kanalları betonlaşdırılmalıdır. Eyni za­manda, təzyiqli suyun yaradılması üçün sahədaxili şəbəkə tam qapalı sistemə ke­çirilməlidir. Bu da fermerlərə idarə olunan suvarma sistemlərindən istifadə imkanı yaradacaq. Belə sistemlərin istifadəsi, həm də məhsuldarlığın artırılması, suya qənaət deməkdir. Nazirin fikrincə, hər bir fermer tərəfindən istifadə olunan su­yun həcmi bilinməli və onlara mənbələrlə bağlı ətraflı məlumat verilməlidir. 

Bakı Su Həftəsi Konfransında çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərovun da suvarmanın aqrar sektorda mühüm əhəmiyyəti ilə bağlı fi­kirləri bu baxımdan maraq doğurur. Onun sözlərinə görə, hazırda aqrar sektor ümumi su istehlakında 70-80 faiz paya malik olmaqla ölkədə ən böyük istehsalat sahəsidir. Ölkə üzrə suvarılan 1,5 milyon hektar sahənin 90 faizinin su təminatının yerüstü, təxminən, 180 min hektarın isə yeraltı mənbələr hesabına ödənildiyini diqqətə çatdıran S.Cəfərov onu da bil­dirib ki, bu rəqəmlər kənd təsərrüfatının sudan asılılığını əyani şəkildə göstərir.

Nazir müavini, həmçinin qeyd edib ki, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı, eləcə də həmin konteksdə pi­lot suvarma sistemlərinin qurulması ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tu­tulub və hazırda həmin proqramın icra­sı uğurla davam etdirilir. Onun dediyinə görə, müasir suvarma sistemlərinin tət­biqinin stimullaşdırılması məqsədilə fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemlə­ri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi qədər güzəşt tətbiq edilir.

Yeri gəlmişkən, bu ildən Azərbaycan­da istehsal məhsulu olan müasir suvar­ma sistemlərinin satışı üçün güzəştlər artırılacaq. Bu məsələ Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmana edilən dəyişiklikdə öz əksini ta­pıb. Sənədə əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azər­baycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı zamanı tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim et­məli, sahibkarlıq subyektlərinə veriləcək kreditlər üzrə dövlət zəmanətinin veril­məsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi yerli istehsal məhsu­lu olan müasir suvarma sistemlərinin yerli istehsala aid olmasına dair meyarları fər­mana edilən dəyişiklikdə göstərilən müd­dətdə təsdiq edib Azərbaycan Respubli­kasının Prezidentinə məlumat verməlidir.

Kənd Təsərrüfatı Nazirliyi Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firu­din Tağıyev isə Bakı Su Həftəsi çərçivə­sində keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında deyib ki, son illər ölkəmizdə müasir suvarma sistemləri tət­biq edən təsərrüfatlarda məhsuldarlığın 2 dəfəyə yaxın artması, sərf edilən suyun isə 2,5 dəfə azalması müşahidə edilir. Bütün bunlar müsbət məqam kimi diqqət çəkir. Bu, ilk növbədə, ölkədə kənd təsər­rüfatının intensiv inkişaf yolunda olmasını bir daha sübut edir. Digər tərəfdən, qlobal su çatışmazlığının müşahidə olunduğu hazırkı şəraitdə ölkədə sudan istifadəyə münasibətin müsbət yöndə dəyişməsini söyləməyə imkan verir. 

Nazirliyin şöbə müdiri F.Tağıyev hesab edir ki, hər bir fermer müasir su­varma üsullarının tətbiqi zamanı sudan qənaətlə istifadə edib fəaliyyətini yük­sək səviyyədə, dayanıqlı qurmalı, su və torpaq resurslarını qorumalıdır. Onun fikrincə, selləmə suvarma torpaqda şo­ranlaşma yaradır, məhsuldarlığı azaldır. “Bu, bir növ resurslardan kortəbii istifa­dədir və onların deqradasiyasına səbəb olur. Biz davamlı olaraq müasir suvarma sistemlərindən istifadəni təşviq edirik və təşviq işləri bundan sonra da davam etdi­riləcək”, – deyə o əlavə edib. 

Mirbağır YAQUBZADƏ




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

Mirbağır YAQUBZADƏ