USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Daxili etirazlar Parisdə yeni “Varfolomey gecəsi”nə yön alıb

“Sarıjiletlilər”in qiyamları ciddi qarşıdurmaların anonsu oldu


https://img.baki-baku.az/news/2024/03/photo_11704.jpg

Fransanın son iki əsrdə beynəlxalq aləmdə, xüsusən, Afrika ölkələrində törətdiyi soyqırımları və dəhşətli faktlar barədə düşünəndə öz-özümə sual verirəm: Bu dövlət bir-neçə əsr əvvəl xristian dininin parçalanmasını bəhanə edərək öz xalqına qarşı qanlı qırğınlar törətmişdisə, heç bir günahı olmayan 50-60 min insanı öldürmüşdüsə, onda başqa xalqların qılıncdan keçirilməsi, qanına qəltan edilməsi Paris üçün bir içim su kimi asan ola bilər. 

Nə isə… Emmanuel Makronun rəh­bərliyi ölkədə vəziyyəti elə bir həddə gəti­rib ki, artıq daxili etirazlar xalq hərəkatına çevrilməkdədir. Yəni, son illərdə davam edən sosial narazılıqlar artıq siyasi eti­razlara çevrilir. Meydanlarda açıq şəkildə bəyan edirlər ki, Makronun düşünülmə­miş addımları idarəetmədə tənəzzülə səbəb olmaqla yanaşı, siyasi böhrana da zəmin yaradıb. Ekspertlərin fikrincə, ötən il Əlcəzair əsilli etirazçı Nahelin po­lis tərəfindən qətlə yetirilməsindən sonra ölkəni bürüyən zorakılıq aktları və onun qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməməsi Fransadakı döv­lət böhranından xəbər verir. 

Mətbuat yazır ki, daxili idarəetmədə­ki səriştəsizlik ölkə həyatına olduqca pis təsir edir. Bu, az imiş kimi, Makron Fran­sasının xarici siyasətdə onun-bunun işlə­rinə müdaxilə cəhdləri də əhali tərəfindən ciddi etirazlarla qarşılanır. Hökumət rəs­miləri ölkədəki narazılıqların neftin qiy­mətinin artdığına görə olduğu deyirdilər. Ona görə də bu istiqamətdə geri addım­lar atıldı. Etirazçılar yenə də sakitləşmə­dilər. “Sarı jiletlilər”in etirazı başladı. Hö­kumətin istefası istənildi. Bu isə o demək idi ki, etirazların görünməyən tərəfləri var. 

Makron hakimiyyətə gələndən sonra bu ölkədə vergi rüsumları daha da artı­rılıb. Bu gün Avropada ən çox vergini fransızlar ödəyirlər. Əməkhaqlarından çıxılan vergilər əvvəlki illərlə müqayisədə olduqca çoxdur. Yaxud, Makron hakimiy­yətə gələnədək Fransada təhsil haqqı adlı məfhum yox idi. Tələbələr qeydiyyat üçün maksimum 300 avroya qədər pul ödəyirdilər. Makron gələndən sonra isə həmin məbləğ 2000 avroya qaldırılıb. 

Digər narazılıqlar da artır. Ölkə rəh­bərliyi etiraz edən fransızlara qarşı eynilə Afrika ölkələrindəki etirazçılara tətbiq et­diyi cəzaları sərgiləməkdən çəkinmir. Eti­razçılar atlı polislərin təzyiqləri ilə üzləşir. Nümayişlər itlərlə dağıdılır. Hər gün yeni həbslər barədə xəbərlər gəlməkdədir. Avropa mətbuatı yazır ki, Fransada həbs olunmaq o qədər də ağır cəza deyil. Ağır cəza həbsdə olanlara göstərilən münasi­bətdir. 

Bəs Makron hökumətinin bu məsələlərə münasibəti necədir? Yelisey sarayından verilən məlumatlarda birmə­nalı olaraq söylənilir ki, bütün istiqamət­lərdə olan narazılıq ( diqqət yetirin– bütün istiqamətlərdə) və etirazlar xarici dövlət­lərin təxribatıdır. Guya, Rusiya, Britaniya, Almaniya və hətta ABŞ-ni təmsil edən bəzi siyasətçilər Fransanın daxili işlərinə qarışaraq, etirazları körükləyirlər. Əgər elədirsə, onda lap əcəb edirlər. Çünki bu gün rəsmi Paris çox ölkənin daxili işlərinə qarışır. Hər halda, etirazlar çoxaldıqca, Makronun dirənişi də artır və bu vəziyyət ölkədə yeni qırğınların törədilməsinə zə­min yaradır. 

O ki qaldı, Varfolomey məsələsinə, Fransa üçün üz qaralığı olan həmin tarixi fakt təkrarlana bilər. Fərq ondadır k, indiki qırğın dini zəmində olmayacaq. 

Bəs “Varfolomey gecəsi” nədir? Tarix dərslərindən oxumuşduq ki, Fransada xristian dini daxilindəki müharibələrin nə­ticəsində 23 avqust 1572-ci ildə Parisdə baş vermiş hadisə zamanı on minlərlə günahsız insan qətlə yetirilmişdi. Belə ki, XVI əsrdə Avropada Roma papası və hakim Roma katolik kilsəsinə qarşı yönəldilmiş reformasiya (dində islahat­çılıq) hərəkatının geniş vüsət alması nəticəsində yeni xristian məzhəbi olan protestantlıq meydana gəlmiş və Qərb dünyası din baxımından iki hissəyə par­çalanmışdı. Protestantlarla katoliklər ara­sında fikirayrılığı teoloji-elmi müstəvidən uzaqlaşaraq, hərbi toqquşmalara, qanlı müharibələrə gətirib çıxarmışdır. Məzhəb ayrı-seçkiliyi cəmiyyətdə təbəqə, qohum, dost, həmvətən anlayışını ortadan qal­dırmış, hamı bir-birini etiqadına görə qiy­mətləndirməyə başlamışdır.

Məlum olduğu kimi, Fransada kral ailəsi dindəki katolik təriqətinin daşıyıcı­ları idi. Ona görə də kralın anası Yeka­terina Mediçi öz oğlunu inandırmıışdı ki, protestantlar qırılmalıdır. Qırmışdılar da. 

İndi yenə də Fransada vəziyyət ol­duqca ağırdır. Fərq ondadır ki, Emmanu­el Makronun anası yanında deyil. Amma anası olmasa da, anası yaşda xanımı var. Göstəriş verər və Paris növbəti “Var­folemey gecəsi”ni yaşaya bilər. 

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

İttifaq MİRZƏBƏYLİ