USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünya qlobal iqlim fəlakəti astanasında

XI Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyətə xilas mesajları göndərdi 


https://img.baki-baku.az/news/2024/03/photo_11718.jpg

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı nüfuzlu beynəlxalq tədbir çağdaş dünyamızı narahat edən qlobal problemlərin açıq və şəffaf müzakirəsi ilə yadda qalacaq. Üç gün davam edən XI Qlobal Bakı Forumuna rekord sayda iştirakçı – 68 ölkədən 400-dən çox qonaq təşrif buyurmuşdu. Forumun qonaqları sırasında 40-dan çox hazırkı, həmçinin sabiq dövlət və hökumət başçıları vardı. Bu statistikanın özü tədbirin çox böyük intellektual potensialından xəbər verir.

Martın 14-də açılış mərasimindəki çıxı­şında Bakı Forumunu Davos İqtisadi Fo­rumu və Münxen Təhlükəsizlik Konfransı ilə müqayisə edən Prezident İlham Əliyev COP29 mövzusuna toxunaraq xüsusi olaraq vurğulayıb ki, bu qlobal tədbirə evsahibliyi etmək şərəfinə Azərbaycanı layiq görənlər bilməlidirlər ki, əsas məqsəd iqlim məsələlə­rinə töhfə verməkdir. 

Əslində, budəfəki forumun xüsusi özəlliyi həm də onda idi ki, bu ilin noyabrında Azər­baycanın evsahibliyi edəcəyi ən nüfuzlu bey­nəlxalq tədbirlərdən biri – COP29-a hazırlıq­la bağlı qlobal müzakirələr aparıldı. Forum çərçivəsində keçirilən panel müzakirələrdəki çıxışlarda səslənən aparıcı tezis, forum işti­rakçılarının gəldiyi əsas qənaət ondan ibarət idi ki, COP29, həm də, müstəqil siyasət yü­rüdən Azərbaycanın uğurlu inkişafının təs­diqi olacaq. 

Bakı Forumu bir həqiqəti də ortaya qoy­du ki, dünyada qeyri-sabitliyin davam etdiyi, sivilizasiyalararası və lokal qarşıdurmaların, çoxsaylı münaqişə ocaqlarının meydana gəldiyi bir vaxtda bu cür müzakirələrə, in­tellektual platformalara ciddi ehtiyac var. Bu nöqteyi-nəzərdən yanaşanda XI Qlobal Bakı Forumunun məhz “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunması zamanın tələbi idi, – desək, yanılmarıq.

Avropa İttifaqı bizə lazımdırmı? 

Bakı Forumunda müzakirəyə çıxarılan və geniş fikir mübadiləsinin aparıldığı mövzu­lardan biri də Avropa İttifaqının (Aİ) bugünkü vəziyyəti, onun üzv ölkələr üçün faydalılıq əmsalı və gələcək perspektivi ilə bağlı idi. Yuxarıdakı sualı forumun panel müzakirələ­rindəki çıxışlarda səslənən ən aktual məsələ kimi qəbul etmək olar. Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyan mövzu ətrafında gedən müzakirələrdən bir epizodu oxucula­rın diqqətinə çatdırmaq istərdik.

“Biz dünyanın son 20 ildə hansı dəyi­şikliklərə uğradığının şahidiyik”. Bu fikirləri Bolqarıstanın sabiq prezidenti Petar Sto­yanov bildirib. O, çıxışında qeyd edib ki, Aİ Qərbi Avropa ölkələrinin inkişafına xidmət etmək üçün yaradılıb, amma bu qurum bö­yük səhvlərə yol verməklə, qitədə dağıdıcı müharibələrə səbəb olub. Sabiq prezident Brüsselin bürokratik səhvlərini indi ölkələrin hiss etdiyini vurğulayıb. 

Azərbaycan və Ermənistan arasında sülhə nailolma prosesində vasitəçilik edən Aİ-nin özünün strateji və təhlükəsizlik prob­lemlərin girdabında çapaladığı göz qaba­ğındadır. Qurumun vahid xarici təhlükəsizlik konsepsiyasına, eləcə də bir çox ölkələrlə bağlı aydın mövqeyə malik olmadığını qeyd edən P.Stoyanov Aİ-yə üzv olmaq istəyən ölkələrin heç də hamısının bütün meyarlara cavab verə bilməyəcəyini diqqətə çatdırıb: “Biz artıq islahatlar aparmalıyıq. Türkiyəni Aİ-yə qəbul etmirlər. Mən buna təəssüflə­nirəm. Türkiyənin Aİ-də olmasından daha çox fayda götürə bilərik”.

“Hamımız üzvlüklə bağlı Türkiyəyə qarşı edilən ədalətsizliyi yaxşı bilirik”. Bu fikirlər isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku tərə­findən səsləndirilib. Baş katibin qənaətincə, Aİ üzvlüklə bağlı müəyyən konsepsiya ha­zırlamalıdır və bu konsepsiya hər iki tərəfin marağına uyğun olmalıdır: “Gəlin düşünək ki, Aİ bizə lazımdırmı? Məsələn, mənim ölkə­min Aİ-yə üzvlüyünün ona nə verəcəyi bizi düşündürür. Şəxsən mənim bununla bağlı tərəddüdlərim var”.

“Hamının yaşamaq hüququ var”

Üç gün davam edən Bakı Forumunda yaddaqalan epizodlardan biri də Nobel Sülh mükafatı laureatı Kailaş Satyartinin çıxışı idi. “Dünyada müharibələrin nəticəsi olaraq ciddi xaoslar baş verir”. Bu sözləri forumun “Qlobal çağırışlara dayanıqlılığın yaradılma­sı: resursların qıtlığı və miqrasiya” panelin­dəki çıxışında dilə gətirən yüksək statuslu qonağın sözlərinə görə, xaosun yaratdığı fə­sadlardan biri uşaqların insan alverinin qur­banına çevrilməsidir: “Dünyada müharibələr dayandırılmalıdır. Eyni zamanda, insanlar, o cümlədən, uşaqlar təbii fəlakətlərin, iqlim dəyişikliyinin qurbanı olurlar. Onlar buna la­yiq deyillər. Hər kəsin yaşamaq hüququ var”. Nobel Sülh mükafatı laureatının Azərbaycan paytaxtından dünyaya etdiyi, bu, ən qlobal çağırış forumun yekun nöqtəsi sayıla bilər. 

Beləliklə, XI Qlobal Bakı Forumu öz işini uğurla başa çatdırdı. Hesab edirik ki, Bakı Forumu qarşıya qoyduğu məqsədə tam nail oldu. Azərbaycan dünyada söz sahibinə çev­rilmiş nüfuzlu ölkə, etibarlı tərəfdaş olmaqla yanaşı, mürəkkəb dünyamıza qlobal çağırış­ların səsləndiyi, planetin geosiyasi nəbzinin vurduğu ən nüfuzlu tribunalardan biri missi­yasını şərəflə yerinə yetirdi. Məhz bununla da XI Qlobal Bakı Forumu beynəlxalq ictima­iyyətin diqqətini cəlb edib.

Məzahir ƏFƏNDİYEV, 
Milli Məclisin deputatı

Bu gün dünyada baş verən ha­disələr, sülhə və sabitliyə qarşı təhdid­lər beynəlxalq institutları, o cümlədən, ixtisaslaşmış nüfuzlu beyin mərkəzlə­rini, dövlət və hökumət başçılarını, ta­nınmış siyasətçilərin bir araya toplana­raq parçalanmaqda olan dünyamızda qlobal sülh sisteminin dayanıqlılığının təmin olunması üçün müzakirələri la­büd edir. Həmin siyasətçilər gözəl başa düşürlər ki, doğrudan da, bu gün bütün münaqişələrin həlli və dünyanın yeni arxitekturasının daha səmərəli təşkili, eyni zamanda, iqtisadi və hərbi güc sa­hibi olan dövlətlərin maraqlarının təmin edilməsi üçün yeganə mexanizm məhz Bakı Forumu kimi yüksək intellektual platformalarda qlobal müzakirələrin, sağlam dialoqun təşviq edilməsidir.

30 illik müasir siyasi tarixə malik olan Azərbaycan Respublikası bu gün dünyada qlobal çağırışlara həssaslıq nümayiş etdirir, müstəqilliyinin, suve­renliyinin qorunması, habelə tarixi tor­paqlarında yaşayan xalqların maraqla­rını nəzərə almaqla dünyada dayanıqlı sülhün əldə olunmasına öz töhfəsini verir. Təsadüfi deyil ki, 2013-cü ildən bu yana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən, dünyamızı narahat edən qlobal prob­lemləri daha yaxşı analiz etməyə şəra­it yaradan və artıq ənənə halını almış Qlobal Bakı Forumuna məhz ölkəmiz evsahibliyi edir. Hər il olduğu kimi, bu dəfə də forumun coğrafiyasının ge­nişləndiyinin, iştirakçılarının sayının artdığının, eyni zamanda, intellektual potensialının genişləndiyinin şahidi ol­duq.

Çingiz QƏNİZADƏ, 
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri

Prezident İlham Əliyevin Bakıda keçirilən “Parçalanmış dünyanın bər­pası” mövzusunda XI Qlobal Bakı Foru­mundakı çıxışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dünyanın aparıcı media qurumlarında dövlət başçımızın çıxışının bəzi məqamları xüsusi olaraq diqqətə çatdırılıb. 

Bakı Qlobal Forumu, bütövlükdə, planetimiz üçün böyük əhəmiyyət kəsb edən məsələlərin həlli üçün, həqiqətən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, birgə fəaliyyətinə, onların dövlət, hö­kumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var. Məlum­dur ki, bu gün sürətlə dəyişən dünyada qeyri-sabit zonalar, qarşıdurma ocaqları hələ də qalmaqdadır. Narahatlıq doğu­ran bu problemlərin müzakirəsi, vəziy­yətdən çıxış yollarının axtarılması baxı­mından forumun əhəmiyyəti böyük idi. 

Bakı Forumunda regionumuzdakı dəyişikliklərin müzakirəsi zamanı qeyd edilib ki, son bir il ərzində baş verən hadisələrin fonunda ortaya çıxan əsas geosiyasi dəyişiklik Azərbaycanın əra­zi bütövlüyü və suverenliyinin tam bər­pasıdır. Dövlətimizin başçısı bir daha diqqətə çatdırıb ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulma­sı, BMT Təhlükəsizlik Şurasının qət­namələrinə əməl olunmaması barədə danışmağa davam edirdik. Azərbaycan bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdi və buna nail oldu.

İ.HƏSƏNQALA




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

İmran BƏDİRXANLI