USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Putinin seçki qələbəsi

Yaxud Qərb siyasi sisteminin iflası


https://img.baki-baku.az/news/2024/03/photo_11719.jpg

Rusiyada prezident seçkiləri keçirildi. Hazırkı dövlət başçısı Vla­dimir Putin mütləq səs çoxluğu ilə qələbə qazandı. Əslində, göz­lənilməz heç nə baş vermədi. Seçkidən əvvəlki duruma nəzər sal­saq, Putinin qalib gələcəyi birmənalı görünürdü. Söhbətimiz onun zəfərini doğuran amillər barədədir. Əlbəttə, bununla bağlı müxtəlif məqamlara da nəzər salacağıq. 

Əvvəlcə ABŞ-ın 41-ci prezi­denti Corc Buşun (ata Corc Buş) “Dünya başqa cür oldu” kitabın­dakı bir fikri yada salmaq istər­dik. Əsasən ötən əsrin 80-90-cı illərində Birləşmiş Ştatlarla keç­miş SSRİ-nin münasibətlərindən, o cümlədən, “Soyuq müharibə” dövründə yaşananlardan bəhs edən nəşrdə Buş ABŞ-ın SSRİ-ni çökdürmək üçün qurduğu çeşid­li planlardan söz açır. Nəhayət, o, öyünərək ölkənin özündən əvvəlki hakim komandalarının gerçəkləşdirə bilmədiyi işi həya­ta keçirdiyini vurğulayır. Söhbət, əlbəttə ki, nəhəng imperiyanın süquta uğradılmasından gedir. Nəzərə alaq ki, İkinci Dünya mü­haribəsindən sonra Qərb – SSRİ, o cümlədən, ABŞ – SSRİ rəqabə­tinin əsasının qoyulduğu vaxtdan, yəni Böyük Britaniyanın baş naziri Uinston Çerçilin Fulton Universi­tetindəki 1945-ci ilə təsadüf etmiş çıxışından, daha dəqiq desək, “Soyuq müharibə” anonsunun verildiyi gündən başlayaraq, Va­şinqton Sovetlər Birliyini sıradan çıxarmaq üçün çeşidli siyasi tex­nologiyalara əl atmışdı. Uğuru gözləmək üçün 45 il vaxt lazım gəlmişdir. 

SSRİ-nin parçalanmasından sonra Qərb dünyası onun yerini Rusiyanın tutduğuna şahidlik et­mişdi. Doğrudur, bununla bağlı əminlik V.Putinin hakimiyyətə gə­lişi ilə yaranmışdı. Ona qədərki Boris Yeltsin hakimiyyətinin ABŞ-ın oyuncağı kimi çıxış etdiyini söyləmək üçün isə əsaslar yetə­rincədir. 

Doğrudur, Putin də ilk vaxtlar beynəlxalq siyasət sahəsində o qədər irəli getməyi bacarmamış­dı. Rusiya, necə deyərlər, öz qını­na çəkilmişdi. Ölkə dünyadakı bir sıra mövqelərinin əldən çıxması ilə barışmışdı. Lakin bu güzəşt möhkəmlənmək üçün edilmişdi. Rusiya Putinin dövründə möh­kəmləndimi?.. Suala birmənalı cavab vermək mümkünsüzdür. O anlamda ki, ölkənin iqtisadi duru­munun ürəkaçan olmadığına dair fikirlər dolaşmaqda, tutarlı arqu­mentlər səslənməkdədir. Amma Putin Rusiyasının dövründə bu kimi fikirlər nə zaman dolaşmayıb ki?! Yəni, həmişə belə bir ritorika­ya hansısa formada yer verilib. Rusiya isə yerindədir və hazırda dünyaya qarşı vuruşur...

Əlbəttə, heç də onu demək istəmirik ki, Qərbin SSRİ-ni çök­dürməsi üçün lazım olan 45 illik müddətdən birincinin Rusiyanı da diz çökdürməsi üçün gərəkdir. Rusiya Sovetlər Birliyi kimi tama­milə tarix səhnəsindən silinəcək­mi? Bu barədə danışmaq, düzgün fikir yürütmək çətindir. Çünki Pu­tin ölkəni, faktiki olaraq, proqnoz­laşdırılmayan vəziyyətə gətirib. İlk baxışdan hər şeyin puç olduğuna dair görüntü var, ancaq xaos için­də nizam mövcuddur. Əslində, Putinin ən yaxşı bacardığı da elə budur. Xaos və anarxiya şəraitin­də intizam formalaşdırmaq. 

Bəs, rus düşüncə tərzi üçün intizam nədir? Əlbəttə ki, mü­barizə. Doğrudur, keçmiş SSRİ dövründə də cəmiyyət anti-Amerika ruhunda köklənmişdi. Bu köklənmə Mixail Qorbaço­vun “yenidənqurma xətti”nin stereotipləri ilə uyğunluq təşkil etmədiyindən, ölkə dağıldı. Ata Corc Buşun özü ilə öyünməsini doğuran amil də məhz həmin uy­ğunsuzluqdan qaynaqlanmışdı. Uyğunsuzluq isə saxtakarlıqdan irəli gəlirdi. O saxtakarlıqdan ki, SSRİ cəmiyyətinin, idarəçilik sisteminin mahiyyətinə hakim kəsilmişdi və məlum idi ki, bu­nun iflas sonluğunun geci-tezi var. Məsələyə mövcud prizma­dan yanaşsaq, Qorbaçov onsuz da labüd olan prosesi bir qədər sürətləndirdi. Məşhur lətifədə deyildiyi kimi, xalq sosializmdən kommunizmə keçə bilmədi, ob­razlı desək, ayağının aralı qal­masına taqəti və dözümü çatma­dı, dizləri titrədi. Qərb dünyası məhz bu anı səbirlə gözlədi. Əl­bəttə, yalnız gözləmədi. Ən baş­lıcası isə Qərb dünyası SSRİ-ni özünə münasibətdə düşmənçilik saydığı mübarizə ruhunu ölkənin içindən sarsıtdı. 

Putini güclü edən nədir? Sua­la cavab verərkən, heç də xüsusi dəyərləndirmələr aparmağa ehti­yac yoxdur. Elə Rusiyanın hazırkı dövlət başçısının öz xarakterini canlandırmaq kifayətdir. O, ra­sionaldır, hadisə və prosesləri incəliklərinədək duya bilir, güclü manevr qabiliyyəti ilə seçilir. Putin ölkəni mübariz ruhda saxlayır. Nə qədər paradoksal səslənsə də, prosesə dəstək verən Qərb dün­yasının özüdür. 

Bəli, Putin mübarizə ruhunu ABŞ-ın və Avropanın Rusiyaya münasibətdəki ədalətsizliklərini xalqa düzgün formada çatdırmaq­la qoruyur. Məsələn, o, dəfələrlə izah edib ki, NATO-nun Şərqə doğru genişlənməsi ölkəsinin maraqlarına ziddir. Qərb dairələri məsələyə əhəmiyyətsiz yanaşıb­lar. Elə Ukrayna müstəvisində də onlar eyni addımı atdılar. Nəticə­də müharibə Rusiya baxımından ədalət savaşına çevrildi. Putinin seçkilərdə mütləq səs çoxluğu ilə qələbəsinin ən böyük səbəbi bu­dur. 

Qərb dünyasının anti-Rusiya köklənişindəki mənfi stereotiplər Kremlin beynəlxalq hüquq baxı­mından zorbalığını haqq dava­sına çevirdi. Rus xalqı gördü ki, həmin vaxtadək Putin hakimiy­yətinin apardığı anti-Qərb, an­ti-Amerika təbliğatı, xarici aləmi imperialist kimi göstərmək mo­tivləri, ətrafda düşmən axtarmaq məntiqi düzgündür. Məsələn, mü­haribə başlananda xaricdəki rus tələbələr universitetlərdən xaric edildilər. Dahi Dostoyevskinin, Tolstoyun və digər rus ədiblərinin irsi bəşəriyyətin xəzinəsi olduğu halda, Qərb aləmi bu adı dərs­liklərindən uzaqlaşdırdı. Qərbdə ruslara məxsus əmlaklara açıq qəsb reallaşdırıldı. Bolşeviksaya­ğı metodlar dövriyyəyə girdi. Heç “soyuq müharibə” dövründə də belə davranış tərzinə üstünlük ve­rilməmişdi. Halbuki, eyni metoda yenidən qayıdılmamalı idi. Çünki dünya hazırda tamam başqadır və bu dünyanın Rusiya ilə müba­rizədəki ideoloji baxışlar sistemi pərakəndədir. 

Beləliklə, Rusiya ictimai rəyi əmin oldu ki, Putinin illərdir “Vəh­şi Qərb” haqqında danışdıqları qorxunc nağıl deyilmiş, həqiqətin özü imiş. Nəticədə bu gün o, seç­kidə mütləq qalibiyyət əldə edir. Bu qalibiyyət Qərbin Rusiyaya qarşı yönəlmiş mənəvi, siyasi, iq­tisadi və hərbi təzyiqinin iflasının nəticəsidir. Bu qalibiyyət, həm­çinin Qərbin özünün haqdan və ədalətdən kənar düşməsinin bariz göstəricisidir. 

Putinin zəfəri Rusiyanı “de­monizasiya” xəttinin puça çıx­masıdır. Amma demək olmaz ki, onun postunda qalması birmə­nalı şəkildə mütərəqqi hadisədir. Çünki dünya düzənində, daha hansı olayların, hansı qlobal kata-klizmlərin yaşanacağını proqnoz­laşdırmaq çətindir. Dünya, belə demək mümkünsə, yeni Putinin dövründə necə olacaq? – sualına da birmənalı cavab yoxdur. 

Bəli, ortada reallıq var. O re­allıq ki, Qərb siyasi sistemindəki tənəzzülü göstərməkdədir. Yəni, “soyuq müharibə” ilə SSRİ-ni çökdürən və ata Buşun da fəxrlə haqqında söz açdığı strategiyanın yerinə hazırkı anti-Rusiya baxış­larındakı xaosu görürük. Bu şərait Rusiyanın idarəçilik baxımından əyninə biçdiyi anarxik sistemdəki nizamın qarşısında acizdir. Pu­tinin qələbəsi elə həmin acizliyin uğradığı ən qorxunc aqibətdir.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

Əvəz RÜSTƏMOV