USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan – NATO: tərəfdaşlıq faydalı, dialoq səmimidir


https://img.baki-baku.az/news/2024/03/photo_11720.jpg

Hərbi alyans rəhbərinin Bakıya səfəri əməkdaşlığın yeni hüdudlarını müəyyənləşdirdi 

May ayında Azərbaycan–NATO əlaqələrinin 30 ili tamam olur. Ötən müddət ərzində bu əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf edib və genişlənib. 1994-cü ildə alyansın “Sülh Naminə Tərəfdaşlıq” (SNT) proqramına qəbul edilməsi Azərbay­can üçün tarixi hadisə sayılırdı. Bəli, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır. 

Əvvəlcə onu qeyd edək ki, Azərbay­can–NATO tərəfdaşlığının birinci tərəf üçün faydalı olduğunun sübutunu biz İkinci Qarabağ müharibəsində gördük. Hərbi alyansın SNT layihəsi çərçivəsində Azərbaycan Ordusunda aparılan islahat­lar bizim müdafiə imkanlarımızı geniş­ləndirdi, silahlı qüvvələrimizi müasirləş­dirdi, onun peşəkarlıq səviyyəsini artırdı. Bu faktı qeyd etməmək mümkün deyil. Ötən 30 ildə Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatının fəal tərəfdaşı kimi qurumun strateji layihələrində yaxından iştirak edib. 

Bu barədə martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqlə təkbətək görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev hərb-çilərimizn Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etdiyini xüsusi vurğulayıb: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ciilin sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha əməkdaşlığımıza güclü sadiqliyimizi nü­mayiş etdirir”. 

Daha sonra bəyanatında baş katiblə enerji təhlükəsizliyi məsələsini müzakirə etdiklərini bildirən cənab Prezident bu gün Azərbaycanın Avropanın 8 ölkəsinə qaz nəql etdiyini və onların 6-sının NATO üzvü, digər ikisinin isə hərbi blokun tərəf­daş ölkəsi olduğunu nəzərə çatdırıb. Av­ropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçı­sı adlandırdığını ayrıca qeyd edən İlham Əliyev bunun həm böyük üstünlük, həm də ciddi məsuliyyət olduğunu bildirib.

Prezident İlham Əliyev NATO-nun baş katibini Azərbaycanın “yaşıl keçid” gündəliyi barədə də məlumatlandırıb. COP29-a evsahibliyi edəcək ölkəmizin zəngin təbii ehtiyatlara, qazıntı yanaca­ğına malik olduğunu, tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırdığımızı diqqətə çatdıran dözlətimizin başçısı cənab Stoltenberqi bu ilin noyabrında COP29-un qonağı qis­mində ölkəmizə səfərə dəvət edib.

* * *

NATO-nun baş katibi Yens Stolten­berqin Qafqaz turnesinə məhz Bakıdan başlaması təsadüf sayıla bilməz. Baş katib kimi Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran Y.Stoltenberq mətbuat üçün verdiyi bəyanatında Norveçin ener­getika naziri kimi 1990-cı illərdə buraya dəfələrlə gəlmək şərəfinə nail olduğunu bildirib. Həmin səfərləri yaxşı xatırladığı­nı qeyd edən baş katib o vaxt ölkəmizdə enerji sektorunun necə inkişaf etdiyini, gücləndiyini gördüyünü də vurğulayıb. Mətbuata açıqlamasında “Beləliklə, bu, onu göstərir ki, tərəfdaşlığımız təkcə siya­si dialoqa yox, o cümlədən, əyani əmək­daşlığa söykənir və biz bunu alqışlayırıq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir. Sülh, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhə­miyyətlidir”, – deyən hərbi alyansın şefi Azərbaycanın NATO müttəfiqləri ilə sıx əlaqələri inkişaf etdirməsini alqışladığı­nı, ölkəmizin “Qoca qitə”yə qazın çatdı­rılmasında, eləcə də elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində çox mühüm rol oynadığını görməkdən məmnun olduğunu bildirib. 

Mətbuata açıqlamasında hərbi alyan­sın rəhbəri uzun illərin münaqişəsindən sonra Azərbaycanın hazırda davamlı sül­hə nail olmaq imkanı qazandığını deyib: “Sizin Ermənistanla sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazi­şinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm”.

Y.Stoltenberq daha sonra, bütövlük­də, regiona geniş nəzər salmanın vacib­liyini önə çəkib: “Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttə­fiqləri hazırda gedən müharibənin fəsad­larından çox narahatdırlar. Onlar Ukray­naya dəstək verirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox vacib olan hu­manitar yardımdan gedir, amma daha çox dəstəyə ehtiyac var”.

Azərbaycanda keçiriləcək növbəti COP29 görüşünü səbirsizliklə gözlədiyi­ni deyən Baş katib iqlim dəyişmələrinin təhlükəsizlikdə vacib amil olduğunu, bu­nun NATO üçün də əhəmiyyət daşıdığı­nı qeyd edib: “İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dün­yanın hər yerində, o cümlədən, burada – Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zaman­da, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırma­lıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız”.

COP29-un çox mühüm tədbir olaca­ğını deyən Baş katib bu gün dünyada ha­mının iqlim dəyişmələrinə qarşı mübarizə aparmasının vacibliyini önə çəkib. Hör­mətli baş katibin və cənab Prezidentin mətbuat üçün verdikləri bəyanatlarından bu qənaətə gəlmək olar ki, Azərbaycan–NATO tərəfdaşlığı möhkəm təməllər üzə­rində qurulub və dialoq səmimi münasi­bətlərə köklənib.

P.S. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşun sülh­ramlılarımızın uğurlu xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təşəkkür məktubunda deyilir: “2003-cü ildən etibarən İraqda çoxmillətli qüvvələrə öz hərbçiləri ilə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına ABŞ-nın dərin minnətdarlığını bildirirəm. Əl-Ənbər vilayətində Hadita su bəndinin həmin qüvvələr tərəfindən mühafizəsini xüsusilə yüksək qiymətləndirirəm”.

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Yens Stoltenberq Bakıda ver­diyi açıqlamasında Azərbaycan sülhməramlılarının Kosovoda, ələlxüsus, Əfqanıstanda fəaliyəti­ni yada salması təsadüfi deyildi. O, Türkiyə və Azərbaycan hərb­çilərinin hərbi aeroportda NATO kontingentinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oy­nadığını vurğuladı. Bəli, bu əmək­daşlıq uzun müddətdir ki, davam edir. İkitərəfli hərbi əməkdaşlıqla bağlı müqavilələrimiz var və hər il bu layihələr həyata keçirilir.

NATO Baş katibinin bölgəyə səfərə Azərbaycandan başlama­sı burada hərbi güc, həm də si­yasi cəhətdən söz sahibinin kim olduğunun göstəricisidir. Onu da nəzərə alaq ki, bu regionun NATO-ya ən yaxın dövləti Tür­kiyədir. Azərbaycanın, eyni za­manda, Avropanın enerji təh­lükəsizliyinə verdiyi töhfə də, təbii olaraq, NATO-nun ölkəmizə diqqətini artırır. 

Doğrudur, bizim hərbi al­yansın qapısını döymək kimi bir planımız yoxdur. Çünki Azər­baycan Qoşulmama Hərəkatın­dakı fəaliyyəti ilə hər hansı blo­ka qoşulmayacağını nümayiş etdirir. Yəni, nə KTMT-yə, nə də NATO-ya üzvlük müzakirə möv­zusu deyil. Amma rəsmi Bakı heç də özünü dünya siyasətindən, mövcud təhlükələrlə mübarizə­dən təcrid etmir. Belə təhlükələr var və onları neytrallaşdırmaq­dan ötrü NATO-nun da imkan və davranışları nəzərdən keçirilməli­dir. Yens Stoltenberqin Bakı səfə­rini və Prezident İlham Əliyevlə görüşünü həm də bu baxımdan yalnız faydalı hesab etmək olar.

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri

Azərbaycanın NATO ilə 1990-cı illərdən başlayan uzun­müddətli əməkdaşlığı mövcud­dur. 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” proqramına daxil olmuşuq. Xüsusilə 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində hərbi alyansla çoxşaxəli əmək­daşlıq münasibətlərimiz olub. Müəyyən səbəblərə görə bu əməkdaşlıq konkret sahələr üzrə ixtisaslaşıb. Buna baxmayaraq, ikitərəfli münasibətlər fasiləsiz davam etdirilib. 

Azərbaycan Əfqanıstanda NATO ilə çox yaxından əmək­daşlıq edib və bizim hərbi kon­tingentin oradakı səmərəli fəaliy­yəti Yens Stoltenberq tərəfindən xüsusi qeyd olundu. O, Ukrayna müstəvisində də bizim rolumuzu ayrıca vurğuladı. 

Görünən odur ki, Azərbaycan NATO ilə əməkdaşlığını bundan sonra da davam etdirəcək. Doğ­rudur, bizim bu hərbi alyansa üzv olmaq iddiamız yoxdur. NATO ilə münasibətlərimizdə Türkiyə ami­li böyük rol oynayır. Məhz qar­daş Türkiyə vasitəsilə bu hərbi blokun standartları Azərbaycan Ordusunda tətbiq olunur. Elə bu çərçivədə də əməkdaşlığı davam etdirmək niyyətindəyik. 

NATO baş katibinin Bakıya verdiyi mesajlar onu göstərir ki, Azərbaycan bu hərbi alyans üçün böyük əhəmiyyət daşıyır.

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, siyasi şərhçi

NATO baş katibi Yens Stol­tenberqin Bakıya səfərində Pre­zident İlham Əliyelə görüşündən sonra səsləndirdiyi bir sıra me­sajlar onu göstərir ki, Azərbayca­nın bu hərbi blokla əməkdaşlığı, ilk növbədə, qarşı tərəfin maraq­larına cavab verir. Bu əməkdaş­lıq uzun illərdir davam edir və Azərbaycan NATO-nun bir çox proqramlarında yaxından iştirak edib. Bizim hərbçilərimizin sülh­məramlı missiyaların tərkibində iştirakı baş katib tərəfindən çox yüksək qiymətləndirildi. 

Düşünürəm ki, Azərbayca­nın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı məhz bu formatda bundan sonra da davam etdi­riləcək. Eyni zamanda, biz bu hərbi blokun vacib üzvü sayılan qardaş Türkiyə ilə strateji əmək­daşıq. Azərbaycan Silahlı Qüv­vələrində NATO modeli yüksək səviyyədə tətbiq olunur. Bunun özü də real faktdır. Yəni, biz bu əməkdaşlığı yüksək qiymtləndi­ririk, eyni zamanda, NATO-nun Baş katibi buna böyük dəyər verərək ümid etdiyini bildirdi ki, belə qarşılıqlı faydalı əməkdaşlıq yenə davam etdiriləcək. 

Azərbaycan bu hərbi blokun bütün tədbirlərində, missiyala­rında, müxtəlif proqramlar çər­çivəsində keçirdiyi təlimlərdə mütləq iştirak edəcək. Bakıda aparılan danışıqlarda bu niyyət kifayət qədər aydın şəkildə öz təsdiqini tapdı.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

İmran BƏDİRXANLI