USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın Rusiya ilə əlaqələr paketində çatlar və referendum amili


https://img.baki-baku.az/news/2024/03/photo_11721.jpg

Avropa Parlamentinin ötən həftə qəbul etdiyi “Ermənistanla Avropa İttifaqı arasında daha sıx əlaqələrin yaradılmasının, Azərbaycanla Ermənistanın sülh sazişinin vacibliyi və digər məsələlər haqqında” qətnamə bir çox qərəzli fikirlərlə yadda qalıb. Adından da göründüyü kimi, sənəd Ermənistanın müdafiəsini nəzərdə tutur. İkinci məqam onun tam şəkildə anti-Azərbaycan mahiyyət daşımasıdır. Nəzər alaq ki, orada ölkəmizə qarşı sanksiyaların tətbiqinə çağırış tələbi irəli sürülür. Üçüncüsü isə sözügedən qətnamə həm də anti-Rusiya yönümlüdür. Haqqında söz açdığımız üç məqamla bağlı ayrı-ayrı detalları ötən saylarımızda vurğuladıq. Hazırda sırf anti-Rusiya təmayülü ilə əlaqədar daha bir vacib məqama diqqət yetirək. 

Qeyd edək ki, AP-nin qətnaməsində baş nazir Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurmasına dair fikirləri təqdir olunub. Sənəd ölkənin təhlükəsizlik təminatlarının gücləndirilməsi məntiqini əsas tutub. Bu sahədəki diskussiyalar, istər-istəməz, sual yaradır: İrəvan Rusiyanın hakim rol oynadığı KTMT-dən uzaqlaşmaq xətti götürürsə, onun Kremlin başlıca rol oynadığı Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri necə olacaq? 

Paşinyanın Ermənistan – KTMT əlaqələrinin korlanması məntiqinə necə aydınlıq gətirməsindən asılı olmayaraq, məlumdur ki, onun dedikləri bəhanədən başqa bir şey deyil. Yəni, onsuz da İrəvan üzünü Qərbə çevirib. Elə isə sualı başqa tərzdə təqdim edək: Tamamilə Qərbmeyilli siyasət yürüdən Ermənistan Aİİ-də qalacaqmı?

Sual ona görə aktualdır ki, erməni rəsmiləri ölkənin diversifikasiyası mən­tiqini irəli sürürlər. Məsələn, onlar Rusiya silahlarından imtina edib Qərb silahların­dan istifadəni əsas tuturlar. İqtisadiyyat­da da eyni xətti yürüdürlər. Bunu Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikirlər də təsdiqləyir. Ancaq o da məlumdur ki, Ermənistanın iqtisadi baxımdan Kremlin egidasından çıxma­sı asan başa gələn proses deyil. Tam aydındır ki, ölkə Qərbin davamlı qrant yardımları ilə ayaqda qala bilməyəcək və Ermənistanın hazırkı iqtisadi inkişafı bilavasitə Rusiyanın hesabınadır. 

Yeri gəlmişkən, İrəvan bu il rotasiya qaydasında Aİİ-yə sədrliyi gerçəkləş­dirməlidir. Məsələ keçən ilin dekabrın­da qurumun Sankt-Peterburqdakı zirvə toplantısında rəsmiləşib. KTMT ilə bağlı bütün tədbirlərdə iştirakdan boyun qaçır­mış, eyni zamanda, MDB çərçivəsindəki toplantılarda zəif iştirakı ilə yadda qalmış Ermənistanın Aİİ-yə sədrliyi qəbul etmə­si təəccüblü idi. Lakin Paşinyan bununla bağlı arqument tapdı. O, ölkəsinin sədr-liklə əlaqədar prioritetini açıqlayarkən dedi ki, Aİİ heç bir halda siyasi kurs götür­məməli, siyasi mənafelər naminə iqtisadi rıçaqları önə çəkməməli, yalnız özünün nizamnamə tələblərinə uyğun fəaliyyət göstərməlidir. 

Şübhəsiz ki, erməni hökumət rəhbə­ri bu fikri elə-belədən dilə gətirməmişdi. Paşinyan təxminən bunu deyirdi: Ermə­nistan siyasi baxımdan Rusiyaya qarşı çıxsa da, Kreml iqtisadi amilləri təsir va­sitəsi kimi dövriyyəyə buraxmamalıdır. Nikolun söylədikləri, eyni zamanda, o demək idi ki, əgər Aİİ-də siyasi məsələlər ön plana çıxarılacaqsa, Ermənistan onun da fəaliyyətinə kölgə salacaq. Axı eyni addımı KTMT müstəvisində atmış və bu istiqamətdəki hadisələrin kulminasiya anı Paşinyanın “Franse 24”ün efirindən qurumla münasibətləri dondurduğunu bildirməsi idi. 

AP-nin qətnaməsini və ümumiyyətlə, hazırda Ermənistan ətrafında baş verən­ləri şərh edərkən, çox maraqlı tendensi­ya yaranır. Proseslərin həddindən artıq intensivləşdiyini görürük. Görürük ki, bir tərəfdən Ukrayna qoşunları Rusiya ilə sərhəd bölgəsində öz hərəkətlərini güc­ləndiriblər. Digər yandan, Kremlə qarşı hücumlar təkcə döyüş meydanında hə­yata keçirilmir. Rəsmi İrəvan isə siyasi alətə çevrilir. 

Bu yaxınlarda Ermənistanın nüfuzlu media orqanlarından biri Rusiyada prezi­dent seçkiləri zamanı Bakı ilə İrəvan ara­sında sərhəd toqquşmalarının ola biləcə­yi fikrini səsləndirib və iddia edib ki, bu, ikincinin KTMT-dən çıxmasını rəsmən elan etməsinə səbəb olacaq. KTMT-dən sonra isə Aİİ-dən üz döndərmək məsələ­si qaldırılacaq. Nəticədə Ermənistan hakimiyyəti üçün Aİ üzvlüyünə namizəd statusu ilə Aİİ-yə hazırkı üzvlük arasında seçim zərurəti yaranacaq. 

Bu yerdə qeyd edək ki, N.Paşin­yan son mətbuat konfransında Avrasi­ya İttifaqına üzvlüklə Avropa İttifaqına üzvlüyün konstitusiya məsələsi ilə eyni əhəmiyyət daşıdığını vurğulamışdı. Bil­dirmişdi ki, son qərarı xalq verməlidir. Deməli, rəsmi İrəvan böyük ehtimalla ümumxalq səsverməsinə sözügedən di­lemmanı da çıxaracaq. Yəni, Ermənista­nın Avropa İttifaqına potensial üzvlüyü və Avrasiya İqtisadi İttifaqından uzaqlaşma­sı referendumla tənzimlənəcək. 

Bir məqama da diqqət yetirək. Ru­siyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında Ermə­nistanla münasibətlər baxımından bəzi nüansları açıqlamışdı. Onun sözlərindən belə çıxmışdı ki, rəsmi İrəvan gələcəyini müəyyənləşdirməlidir – ya bizimlədir, ya da bizsiz. Bu, həm də, o demək idi ki, KTMT-dən uzaqlaşmaq xətti götürmüş Paşinyan administrasiyası Aİİ-nin fayda­larından bəhrələnmək məntiqindən uzaq dayanmalıdır. Belə bir durumda erməni siyasilər sual verirlər: Qərb həm təhlükə­sizlik, həm də iqtisadi sahədə Rusiyanı əvəzləməyə, ən əsası isə “Bakı və An­karanın aqressiv planlarını cilovlamağa hazırdırmı?”

Sualın birmənalı cavabı yoxdur. Yal­nız o bildirilir ki, Qərbin siyasi təhlükəsizlik təminatları Azərbaycanın və Türkiyənin təcavüzünü cilovlamaq üçün yetərlidir və əgər Ermənistan ABŞ-ın müttəfiqi olsa, heç kəs ona qarşı hücuma keçməyəcək. Ancaq təminatlar konkret olmalıdır. Məhz bunun yetərsizliyi xüsusunda vurğulayaq ki, İrəvana geniş həcmdə silah və sursat veriləcəyinə dar fikirlər reallığı əks etdir­mir, yalnız çəkindirici bəyanat təəssüra­tı yaradır. Məsələn, NATO Ermənistanı hərbi logistika ilə necə təmin edəcək? Ümumən, belə bir logistika üçün inves­tisiya yatırımı mümkündürmü? Nəhayət, nəyə görə buna gedilsin? Axı Ermənista­nın strateji əhəmiyyəti Türkiyə və Azər­baycandan yüksək deyil. 

Başqa bir sual da var: Ermənistana silah və ümumən ayaqda qalmaq üçün lazım olan hər şey hansı ərazi vasitəsilə çatdırılacaq? Bunu Türkiyə və Azərbay­can üzərindən reallaşdırmaq mümkün­süzdür. Məsələnin İran vasitəsilə həyata keçirilmə ehtimalı da bir o qədər yüksək sayılmır. Çünki rəsmi Tehran dəfələr­lə Cənubi Qafqaz regionunda üçüncü qeyri-regional ölkələrin olmasını qəbul etməyəcəyini açıqlayıb. Gürcüstana gə­lincə, ölkə siyasi və iqtisadi maraqlarını, Türkiyə, Azərbaycan və hətta Rusiya ilə əlaqələrini qurban verməyə hazırdırmı? Əlbəttə ki, yox! 

Deməli, indiki məqamda Ermənista­nın Aİİ-də qala-qala KTMT-dən ayrılması Rusiya ilə mövcud olan münasibətlər pa­ketinin, faktiki olaraq, pozulması anlamı­na gələcək. Rusiya Ermənistanı həm də buna görə tam şəkildə sıradan çıxaracaq. Kreml yaxşı bilir ki, İrəvanın KTMT-dən üz döndərməsi onun Aİİ ilə də yollarını ayırması baxımından baza olacaq. Ba­zadan söz düşmüşkən, Paşinyanın Aİİ-ni iqtisadi platforma kimi səciyyələndirən açıqlaması da bu mənada diqqət çək­məkdədir. Məsələ ondadır ki, baş nazirin fikri İrəvanın KTMT ilə yollarını ayırmaq üçün ortaya atdığı bəhanəni xatırladır. Bəhanə qurumun Ermənistanın təhlükə­sizliyinə cavab verməməsi məsələsində idi. Bildirilirdi ki, təşkilat Azərbaycanın təcavüzünə adekvat yanaşmır. 

İndi eyni qaydada deyilə bilər ki, Aİİ Ermənistanın iqtisadi təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Yenə də sual öz aktuallığını qoruyur: Rusiya ilə münasibətləri pozulacağı təqdirdə Qərb Ermənistanın üzləşəcəyi bütün maliyyə problemlərini aradan qaldırmağa hazır­dırmı? Məsələn, 44 günlük müharibədən sonra Ermənistana 2,6 milyard avroluq yardımın tezliklə gələcəyi bildirilirdi. Hə­min vəsaitdən əsər-əlamət yoxdur. 

Digər tərəfdən, Rusiya Ermənistanın geopolitik tərs dönüşünü sakitcə seyr edəcək deyil. Elə təəssürat yaranmasın ki, Moskva regionda passiv siyasət kursu yeridir. Kreml, müəyyən mənada, arxayın davranır. Moskvada yaxşı bilirlər ki, Cə­nubi Qafqazın oyunçuları olan Türkiyə, Azərbaycan və İran regionda kənar qüv­vələrin peyda olmasına qarşıdır. Habelə, ola bilər, Rusiya Ukrayna müharibəsinə görə dünyada özünə qarşı total antipa­tiyanın yarandığını gördüyündən Cənubi Qafqaz müstəvisində hansısa koordinal mövqe nümayişi ortaya qoymur. Yəni, heç bir halda, Kremlin Cənubi Qafqazı unutduğu ilə bağlı düşüncə ola bilməz. Sadəcə, o, Ermənistanın kurs dəyişimini hadisələrin labüd axarının öhdəsinə bu­raxır. 

Axar isə Ermənistan üçün heç də müsbət sonluq vəd etmir. İrəvan Qərbə arxalanaraq Bakı ilə sülhdən yayınır. İkincinin geosiyasi plasdarmında çıxış edərək, avantürizmə, anti-Azərbaycan ritorikasına güc verir. Mövcud xüsusda təhlükəsizlik adı altında kütləvi silahlan­ma yolu tutur. Çalışır ki, Qarabağ cəb-həsində itirdiklərini yenidən əldə etsin. Bunlar mümkünsüzdür və nəticədə bü­tün əlamətlər göstərir ki, proses, sadəcə olaraq, erməni dövlətçiliyinin süqutuna doğru gedir. Qərb tərəfdaşlarının Ermə­nistandakı Rusiya faktorunu tamamilə əvəzləyəcəklərinə dair siyasi və iqtisadi təminatları olmadığı halda, hətta Amerika kəşfiyyatının Bakı ilə İrəvan arasında po­tensial toqquşmadan danışdığı bir şərait­də ikincinin onsuz da yarıtmaz durumda olan hərbi-siyasi çətirinin dağılacağı bir­mənalıdır.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

Əvəz RÜSTƏMOV