USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Özü bir şey deyil, amma könül bulandırır

Rusiya ictimai rəyi Solovyova “Dur!” deməlidir


https://img.baki-baku.az/news/2024/03/photo_11746.jpg

Regionun, elə həm də dünyanın gündəmini “Crocus City Hall” konsert zalında xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı ilə bağlı fikirlər məşğul etməkdədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər isti izlərlə ələ keçirilsə də, olayın motivlərinə dair müxtəlif versiyalar var. Onların təhlili, eləcə də bəzi rəsmi açıqlamalardan belə təəssürat yaranır ki, Rusiya terroru özünün xarici siyasət müstəvisində dəyərləndirməkdə israrlıdır. Ancaq mövcud xüsusda manipulyasiyalara üstünlük verənləri, özlərinin korporotiv maraqları prizmasından çıxış edənləri də görürük. Onların başında dayanan isə rusiyalı teleaparıcı və jurnalist Vladimir Solovyovdur. Söhbətimiz bu barədədir. 

Ancaq əvvəlcə onu bildirək ki, Rusi­yanın ayrı-ayrı dairələrinin günahkar ax­tarışını müəyyən mənada təbii saymaq mümkündür. Məsələyə bu aspektdən yanaşsaq, Rusiya Prezidenti Vladimir Putinin açıqlamasını anlayışla qarşıla­ya bilərik. Çünki indiki durumda Rusiya yaralı ayıya bənzəyir və obrazlı desək, ətrafında gözünə görünən hədəflərin ha­mısından şübhələnir. Onun fikrincə, ən böyük hədəf Ukraynadır. Putin “Crocus Citi Hall”da baş vermiş terror aktından sonra görülən tədbirlərlə bağlı keçirilmiş iclasda belə deyib: “Terror aktı radikal is­lamçıların əli ilə törədilib. Amma biz onu da görürük ki, ABŞ müxtəlif kanallarla ha­mını inandırmağa çalışır ki, onların kəş­fiyyat məlumatlarına görə, guya, Moskva terrorunda Kiyev izi yoxdur. Dərhal sual yaranır: Bu hadisədən kimə fayda var? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlər üçün faydalı ola bilər”. 

Putinin söylədikləri həm də V.So­lovyov və onun kimi ermənipərəstlərin “Crocus City Hall” olayı ilə bağlı özləri­nin konspriativ düşüncələrini işə sala­raq, günahkar axtarmaq “əzmini” heçə endirir. Çünki dövlət başçısı daha böyük məsələdən söz açır. Solovyova gəldikdə isə onun məlum terror aktında Azərbay­can izini axtarmaq yönümlü mülahizələ­ri var. Hiss olunur ki, bu şəxs ölkəmizə qarşı ənənəvi qərəz ritorikasını işə salıb. Nəinki işə salıb, həmin ritorikanın cəfəng motivlərinin sərhədlərini aşıb. 

Bəli, tam açıq şəkildə görünür ki, ru­siyalı telejurnalist sərsəm eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Terrorçunun heç bir milli və dini mənsubiyyətinin ola bilməyəcə­yinə dair klişeləşmiş fikirləri onun nəzərə almaması bir yana, üstəlik, hadisə­ni törətməkdə təqsirli bilinən şəxslərin müəyyənləşdirilməsini heçə saydığı or­tadadır. Açıq –aydın görünür ki, Solovyo­vun məqsədi azərbaycanlılara qarşı an­tipatiya formalaşdırmaqdır. Nəyə görə? Jurnalistin ermənipərəstliyini vurğuladıq. Əlavə edək ki, indiki durumda onun er­mənipərəstliyi fürsətçi mahiyyət daşıyır. 

V.Solovyov “Crocus City Hall”dakı terroru Azərbaycana qarşı alətə çevir­mək niyyəti güdür. Əslində, Rusiyaya xəyanətin ən böyük göstəricisi elə bu­dur. Məsələ ondadır ki, rəsmi İrəvan özünün Qərbyönümlü siyasi xətti ilə Moskvaya demarş xətti yürütməklə məşğuldur. Ermənistanın Azərbaycanla sülh gündəliyindən yayınması da onun anti-Rusiya xəttinin tərkib hissəsi kimi diqqət çəkir. Heç şübhəsiz, Solovyov bunu görür. Görməsinə rəğmən, o, suyu bulandırmaqla məşğuldur. İstəyi odur ki, Rusiyanın terrorla bağlı yaranmış hiddət hədəfi ölkəmiz olsun. Nəticə etibarilə bu durum Moskvanın Bakıya münasibətini dəyişsin. Solovyov belə düşüncədədir ki, dəyişiklik Rusiyanın Ermənistana yaxınlığına şərait yaradacaq. Bu, jurna­listin ermənipərəstlik naminə ayı xidmə­tindən başqa bir şey deyil. 

V.Solovyov “Crocus City Hall”da törə­dilmiş terror xüsusunda azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq­la olaya etnik fon verir. Bu, son dərə­cə təhlükəli tendensiyadır. Çünki onun eyhamları Rusiyada etnik münaqişəni alovlandırmaq təmayülü daşıyır. Ancaq jurnalistin ermənipərəstliyi o qədər güclü­dür ki, belə məqamları, ümumən terrora etnik rəng qatmağın zərərini düşünmür. Həqiqətən, ortada son dərəcə rəzil du­rum var.

O, həqiqətləri rusiyalı jurnalist Marqa­rita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyinə” qurban ve­rir. Bu “trionun” anti-Azərbaycan fəaliy­yətinin ayrı-ayrı tərəfləri həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yax­şı məlumdur. Hələ 2016-cı ildə Solov­yov-Simonyan-Qabrelyanov üçlüyünün ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək yönümlü telefon danışığının detalları üzə çıxmışdı. Necə deyərlər, eyni dalğa, eyni koordinat. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları oxşar yarıtmaz dəst-xəttin davamıdır. 

Bəli, onun başlıca məqsədi Azər­baycan–Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. O, ölkələr arasında nifaq toxumları səp­məyə çalışır. Jurnalistin ermənipərəst təəssübkeşliyi media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar ma­nipulyasiyadır. Məsələ Rusiya ictimaiyyə­tini, o cümlədən, media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solov­yov cəmiyyəti yanlış yönləndirməklə əsl həqiqətləri və reallıqları korporativ maraq­lara qurban verir. Mövcud xüsus Azərbay­can Mətbuat Şurasının yaydığı bəyanatda da əksini tapıb. Bəyanatda bildirilib ki, Solovyovun davranışı, onun jurnalist kimi dilə gətirdiyi fikirlər “Crocus City Hall” ter­rorunda Azərbaycan izlərini axtarmaq yö­nümlü ritorikası nəinki ölkəmizə, ən əsası vətəndaşı olduğu Rusiyaya vurduğu son dərəcə ağır zərər və ziyandır. 

Əslində, Solovyov kimi media dələ­duzlarına meydan verilməsi, efir haqqı­nın tanınması, bütövlükdə, Rusiya ictimai rəyinə həqarətdir, bu, öz yerində. Onun danışıqları informasiya diversiyasıdır, heç bir efir mədəniyyətinə malik deyil. O da məlumdur ki, Solovyov hazırkı Er­mənistan rəhbərliyinə qarşı mənfi müna­sibətdədir və mövqeyini həmişə ortaya qoymaqdadır. Aparıcısı olduğu televiziya proqramında dediklərindən gəlinən qə­naət budur ki, Solovyov Azərbaycanın Ermənistan qarşısındakı uğurlarını ikin­cini aşağılamaq, qıcıq doğurmaq naminə qabardır, küçə danışığına baş vurur. Təx­minən belə: ermənilər nə günə qalıb ki, azərbaycanlılar onları əzirlər... 

Solovyov qıcığı ona görə yaradır ki, həm Rusiyadakı ermənilər, həm də Ermə­nistanda hakim komandaya qarşı çıxan­lar mütəşəkkil surətdə ayağa qalxsınlar və ölkə Azərbaycanla sülhdən uzaqlaş­sın. Sifarişin M.Simonyandan və A.Qab­relyanovdan, eləcə də digər ruspərəstlər­dən gəldiyi aşkardır. Bu iki şəxsin də eyni “məntiqi” işə saldıqlarına dair misallar yetərincə çoxdur. Sırf “Crocus City Hall” olayında Azərbaycan izi axtarmaq yö­nümlü ritorika isə həm də ona hesablanıb ki, Rusiya dövləti hərəkətə keçərək rəs­mi Bakıya qarşı çıxsın və nəticə etibarilə Azərbaycan–Ermənistan danışıqlarında Moskvanın diktə etdiyi yeni anti-Azərbay­can gündəmi formalaşsın.

Sonda onu deyək ki, Solovyovun hansı “fikirləri” gündəmə gətirməsindən asılı olmayaraq, ortada böyük reallıqlar var. Hesab edirik ki, Rusiya dövləti həmin reallıqları yaxşı bilir. Ancaq belə bir misal da var ki, milçək bir şey deyil, könül bu­landırır. Rusiya ictimai rəyi Solovyov kimi “milçəklərin” könülləri bulandırmasının, söz və ifadə azadlığının imkanlarından siyasi maraqlar naminə yararlanması­nın qarşısına birdəfəlik sədd çəkməlidir. Ona görə sədd çəkməlidir ki, belə “mil­çəklərin” bulandırdıqları suları sonradan durultmaq çətin olur. 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət

Əvəz RÜSTƏMOV