- İqtisadiyyat
- 11:53 27.04.2024
Ermənistanda “Girdman–Şirvan–Naxçıvan” Ümumerməni Birliyi adlı təşkilat var. Təşkilatın erməni avantürizminin daşıyıcısı olduğunu söyləmək üçün onun yalnız adına diqqət yetirmək kifayətdir. Azərbaycan və türk toponimlərindən özünə ad seçmiş belə bir qurum ölkədə qeydiyyatdan keçib fəaliyyət göstərirsə, deməli, Ermənistan Azərbaycana qarşı ərazi iddiasını davam etdirir. Məsələyə başqa cür yanaşmaq mümkünsüzdür.
Bəli, “Girdman–Şirvan–Naxçıvan” Ümumerməni Birliyi bəyanat yayıb. Sənəd Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaara ünvanlanıb. Daha doğrusu, birlik cənab Klaara Azərbaycandan şikayət edib. Qurumun bəyanatını nekroloq kimi qiymətləndirmək mümkündür. Yaxud ona can verməkdə olan erməni avantürizmi üçün elegiya da demək yerinə düşər. Hiss olunur ki, sənəd vay-şivən musiqisinin notlarına köklənib.
Əlqərəz, “Girdman–Şirvan–Naxçıvan”çıların əsas hədəfi Azərbaycan mediasıdır. Sən demə, ölkəmizin kütləvi informasiya vasitələri Ermənistanı təhdid edirlərmiş. İddia o qədər gülməlidir ki, deməyə söz tapmırsan. Elə bil, erməni mediası süddən çıxmış ağ qaşıqdır, illərdir anti-Azərbaycan təbliğatı aparmır...
“Girdman–Şirvan–Naxçıvan” Ümumerməni Birliyinin bəyanatında bildirilib ki, guya Azərbaycanda söz və ifadə azadlığı yoxdur. Buna görə ölkə mediasında Ermənistanla bağlı yazılanların hamısı sifarişdir və bu sifariş illərdir yerinə yetirilir. Belə anabioz təfəkkür sahibləri çox güman, erməni cəmiyyəti ilə Azərbaycan cəmiyyətini səhv salıblar. Fərqinə varmırlar ki, torpaqları işğal altında olan ölkənin xalqı kimi mediası da təcavüzə və təcavüzkarlara qarşı barışmaz mövqe tutmalıdır. Eyni mövqe indi də davam etməlidir. Çünki rəsmi İrəvan sülhə gəlmək istəmir, hər cür avantürizmə baş vurur.
“Girdman–Şirvan–Naxçıvan”çılar T.Klaarın diqqətinə çatdırırlar ki, guya mediamızın apardığı təbliğat ermənifobiya yaradıb. Nəticədə Azərbaycan cəmiyyəti uşaq bağçasından tutmuş, müxtəlif təhsil və tərbiyə səviyyələrinə qədər Ermənistana və ermənilərə qarşı hədsiz nifrətlə qidalanır. O zaman sual olunur: beşikdəki körpənin qulağına türklərin düşmən olduqlarını pıçıldayanlar kimlər olub? Əlbəttə, ermənilər! Məhz bu təbliğatın nəticəsidir ki, erməni cəmiyyətində azərbaycanlılara qarşı nifrət körüklənib. Müasir dövrdə nifrət özünün ən pik həddinə 1992-ci ilin 26 fevralında – Xocalı soyqırımında çatıb. Hələ ötən yüzilin tarixində yaşanan digər qanlı faciələrimiz də var...
Ancaq nifrətlə bəslənmiş bir qövm körpə uşağın dərisini soyub onun can verməsinə baxaraq dinclik tapa bilərdi. Yalnız qəzəblə yüklənmiş məxluqlar hamilə qadının bətnini süngü ilə yarmağı bacarardılar. Bu kimi vəhşilik əməllərini sıralamaq mümkündür. T.Klaarın da məsələdən xəbərsizliyini demək olmaz. Eləcə də Avropanın və dünyanın aparıcı təşkilatlarının təmsilçilərinə hər şey gün kimi aydındır. Ancaq...
“Girdman–Şirvan–Naxçıvan” Ümumerməni Birliyi azərbaycanlıların ermənilərə qarşı törətdikləri vəhşiliklər kimi qələmə verdiyi olayları sadalayır və bu baxımdan 1988-ci ildə Sumqayıt hadisələrini yada salır. Əlbəttə, təşkilat həmin hadisələrin bilavasitə erməni millətçilərinin əli ilə həyata keçirildiyini bildirməz. Bəyanatına daxil etməz ki, Sumqayıtda dinc insanlara qarşı qəddarlıq Qarabağ avantürasına haqq qazandırmaq naminə reallaşdırılmış məkrli ssenari idi. Ancaq qurum T.Klaara müraciətə köklənmiş sənədində Qarabağdakı erməni mədəni irsinin dağıdılmasından bəhs edir. Mədəni irs də nə imiş? Qondarma rejimin “parlament” binası. Həyasızlıq olar, bu qədər də yox. Başqa dövlətin daxilində separatçı quruluş yaradasan, ona “parlament” binası ucaldasan, sonra da deyəsən ki, onun dağıdılması erməni mədəni mirasına qəsddir. O bina nəinki dağıdılmalı, yeri də kürünməlidir ki, murdarlıq torpağa keçməsin.
Sonda “Girdman–Şirvan–Naxçıvan”çılar beynəlxalq aktorlardan Azərbaycanın media vasitələrinin yaydıqları anti-erməni təbliğatının, habelə Ermənistana və erməni xalqına qarşı nifrət və düşmənçiliyin qızışdırılmasının araşdırılması və pislənməsi üçün təsirli addımlar atmağı tələb ediblər. Məlumdur ki, həm bu tələb, həm də ümumən belə bir bəyanatın qəbulu adi məsələ deyil. Çünki təşkilatın bilavasitə Ermənistan iqtidarı tərəfindən idarə olunduğu məlumdur. Ona rəhbərliyi hakim “Vətəndaş sazişi” partiyasının mənsubları həyata keçirirlər. Məqsəd bəllidir – Azərbaycanla sülh şəraitində yaşamağın mümkünsüzlüyünü göstərmək, buna görə ölkəmizi günahlandırmaq.
Ə.CAHANGİROĞLU