USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın etirafı: inanaq, inanmayaq?

Ermənistan baş naziri Qarabağa görə müharibəyə hazırlaşmadığını bəyan etdi


https://img.baki-baku.az/news/2024/04/photo_12109.jpg

Ermənistanda siyasi ehtiraslar soyumaq bilmir. Səbəbi məlumdur. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalar erməni cəmiyyətində müxtəlif siyasi qüvvələri baş nazirə qarşı hərəkətə gətirib. 

Baş nazir Nikol Paşinyan eyni vaxt­da həm parlamentin müxalif fraksiyala­rına, xaricdən təlimatlandırılan ekslərin bəyanatlarına, həm də tavuşluları ona qarşı qaldıran separatçılara cavab ver­mək məcburiyyətində qalıb. Onun sülh istiqamətində atdığı addımları həzm edə bilməyən müxalif düşərgə əha­lini kütləvi aksiyalara, “İstefa!” tələbi ilə küçələrə çıxmağa çağırır. Amma baş nazirin Azərbaycanın dörd kəndi ilə bağlı məlum qərarından sonra baş verəcəklərə heç də hazırlıqsız olmadı­ğı görünür. 

Özbaşına buraxılmış “müxalifət” 

“Ermənistan Dağlıq Qarabağ uğ­runda müharibə aparmaq fikrində de­yil”. Bunu Ermənistan baş naziri Nikol Paşinyan ingilis jurnalistlərə onlayn müsahibəsində deyib. Bu barədə hö­kumətin mətbuat katibi Nazeli Baqda­saryan özünün “Facebook” səhifəsində paylaşım edib. 

Bir qrup vətəndaş Tavuşdakı və­ziyyətlə əlaqədar Ermənistan hö­kumətinin binası qarşısında etiraz ak­siyası keçirib. Etirazçılar Paşinyana qarşı şüarlar səsləndiriblər: “Sizin tor­paq vermək, ölkəni təhlükəyə atmaq, bizə xəyanət etmək, Vətəni təslim et­mək mandatınız yoxdur! Postunuzu tərk edin!”. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla iki saatlıq görüşdən sonra hökumət binasını tərk edən Tavuş vilayətinin kənd icma baş­çıları az sonra yenidən binaya qayıdıb­lar. “Armenpress”in məlumatına görə, bu dəfə icma başçılarını Paşinyan özü qəbul edib. Görüşün nəticələri ilə bağlı məlumat verilməyib. 

Tam əminliklə söyləmək olar ki, Er­mənistan müxalifətinin sülh prosesinə mane olmaq cəhdləri fiaskoya uğrayıb. Axı, bu ölkənin müxalifətinin özəyini ru­siyayönümlü qüvvələr təşkil edir. Amma Ağ Ev və Brüssel kimi, Moskva da dörd kəndin geri qaytarılmasını, demarkasi­ya prosesinin başlanmasını alqışlayıb. Deməli, əldəqayırma müxalifət həm ma­liyyəsiz, həm də “sosial bazasız” qalıb. Yaranmış durumda hansısa keşişin, ehti­yatda olan polkovnikin, bir neçə deputa­tın, kənd icmalarının rəhbərlərinin etiraz və iddiaları havadan asılı qalır. Prosesi dəstəkləyənlər isə həmin ərazilərin vax­tı ilə Ermənistan ordusu tərəfindən işğal faktını etiraf ediblər.

Amma baş nazirin məsələ ilə bağlı ingilis jurnalistlərə söylədiklərini erməni mediası geniş tirajlayıb. Paşinyan deyib: “Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar heç bir ambisiyası yoxdur. Biz ümid edirik ki, demarkasiya prosesi vasitəsilə Ermənis­tanın ərazi bütövlüyü bərpa olunacaq. Əvvəl də qeyd etmişdik ki, Ermənistan hökuməti hazırda yaşayışın olmadığı Azərbaycanın dörd kəndində – Qızılha­cılı, Xeyrimli, Aşağı Əskipara və Bağa­nis-Ayrıma insanların normal qayıdışı üçün addımlar atmağa başlayıb. Bu pro­ses nəticəsində Ermənistanın Voskepar, Kirants, Berkaber kəndlərinin sakinləri­nin də öz evlərində sakit və rahat həyat sürməsi mümkün olacaqdır”. 

Sabiq nazir Paşinyanı dəstəklədi 

Artıq Azərbaycan–Ermənistan sər­hədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdi­rilməsi prosesinə başlanılıb. Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmə­tinin media üçün məlumatında qeyd edilib. Məlumatda bildirilir ki, hö­kumətlərarası komissiyanın səkkizinci görüşündə əldə edilən razılaşmalara müvafiq olaraq 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycanla Ermənistan arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq ko­ordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar. Əslində, bu prosesi iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan çox vacib addım­lardan biri kimi qiymətləndirmək doğru sayılar.

İndi Ermənistanda reallığı olduğu kimi qəbul edib, düşdükləri vəziyyət­dən çıxış yolunun yalnız sülhə açılan qapılardan keçdiyini anlayanlar az de­yil. Onlardan biri ölkənin sabiq xarici işlər naziri Ara Ayvazyandır. “Mühari­bənin alternativi var. Bu yol diplomatik və siyasi vasitələrdən keçir”, – deyən keçmiş nazir hazırda xarici aktorların Ermənistanın beynəlxalq davranışına və daxili gündəliyinə öz təhlükəli təsirləri­ni formalaşdırmağa çalışdıqlarını deyib. İki gün əvvəl Ümumerməni Diplomatlar Şurasının mətbuat konfransında Ermə­nistan XİN-in sabiq rəhbəri A.Ayvazyan çıxışında vurğulayıb ki, indiki şəraitdə diplomatiya istər-istəməz dövlətçiliyin əsas müdafiə xəttinə çevrilir: “Biz, Xa­rici İşlər Nazirliyi yaradılmasında xid­mətləri olmuş diplomatlar kimi öz sözü­müzü deməliyik. Bu gün həyata keçirilən xarici siyasətin alternativi yoxdur. Yəni, alternativ müharibədir. Yaxın günlərdə Ümumerməni Diplomatlar Şurası “də­yirmi masa” təşkil edəcək və orada gün­dəliyi eyni konturlarla təqdim edəcəyik”.

Tehran sükutu pozdu

Aprelin 19-da Azərbaycanla Ermə­nistan arasında Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılması barədə əldə edilən razılaş­manı Rusiya, Türkiyə, Almaniya, ABŞ və Aİ-nin əksər ölkələri alqışlayıb. Amma, nədənsə, Tehranın baş vermiş bu önəmli fakta münasibəti bir qədər ləngidi. Ra­zılaşmanın üstündən beş gün keçəndən sonra Tehran sadəcə, XİN sözçüsü sə­viyyəsində bu qərara “hörmətlə yanaş­dığını” bəyan etdi: “Biz Azərbaycanla Ermənistan arasında birgə demarkasiya komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşırıq. Cənu­bi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün iki ölkənin bir-birinin suve­renliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət edərək sərhəd məsələlərinin həlli istiqamətində dinc səyləri davam etdir­məsi zəruridir”. 

Bakı İrəvanla münasibətlərin nor­mallaşmasında maraqlı olduğunu bir daha bəyan edib. “Biz sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”. Bu sözləri Azərbaycan Pre­zidenti İlham Əliyev dünən ADA Uni­versitetində keçirilən “COP29 və Azər­baycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq konfransda söyləyib. Hazırda tərəflərdə sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışın formalaşdığını qeyd edən cənab Prezident “Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbət­tə, hər iki tərəfə vaxt lazımdır”, – deyə əlavə edib. Dövlətimizin başçısı çıxışın­da Azərbaycan Ermənistan ərasizində eksklav sayılan dörd kəndinin taleyinə də toxunub: “Eksklavlar məsələsi başqa­dır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimita­siya prosesində həll olunmalıdır”.

İki stulda oturmağın sonu 

“Nikol Paşinyan yenə eyni vaxtda iki stulda əyləşmək “taktikasından” ya­rarlanmaqda davam edəcək, yoxsa, bu dəfə mövqeyini tam dəqiqləşdirəcək?”. Ermənistan mediası məhz bu kontekstdə Nikol Paşinyanın yaxın bir ay ərzində Moskvada keçiriləcək üç vacib tədbirdə iştirak edib-etməyəcəyi ətrafında fəal diskussiya açıb. Rusiya paytaxtında ard-ara düzənlənəcək tədbirlərin birin­cisi mayın 7-də Prezident Vladimir Pu­tinin andiçmə mərasimi, ikincisi mayın 8-də Avrasiya İqtisadi İttifaqının yubiley sammiti və üçüncüsü, mayın 9-da faşizm üzərində qələbənin 79-cu ildönümü ilə bağlı keçiriləcək Qələbə paradıdır. Bu sırada Qələbə gününü xüsusi vurğulayan “Hraparak” qəzetinin yazdığına görə, Paşinyan hakimiyyəti Kremllə intriqaları davam etdirsə də, hökumət aparatından bildirilib ki, baş nazirin səfərləri barədə əvvəlcədən müvafiq qaydada məlumat veriləcək. Eyni zamanda, Rusiya lide­rinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi mesajı bu məsələyə müəyyən qədər aydınlıq gətirib: “Rusiya Prezidenti Vladimir Putin və Ermənista­nın baş naziri Nikol Paşinyan qısa müd­dətdə müxtəlif məsələləri şəxsən müza­kirə edə biləcəklər”.

Burada söhbət Ermənistan liderinin Moskvaya gözlənilən səfərindən gedir. Rəsmi İrəvanın son vaxtlar Rusiyaya qarşı kəskinləşən siyasi ritorikası, o cüm­lədən, aprelin 5-də Brüsseldə keçirilən Aİ–ABŞ–Ermənistan formatında görüş­lə bağlı Kremlin Paşinyandan cavabını gözlədiyi xeyli sualları yığılıb. Keçən həftə RF XİN rəsmisi Mariya Zaxarova ənənəvi brifinqdə Moskvanın Ermənis­tandan ABŞ və Avropa İttifaqı ilə “hər­bi-siyasi razılaşmalar” barədə yayılan məlumatlara dəqiq reaksiya gözlədiyini bildirəndə də məhz bu məsələni nəzərdə tuturdu. İqtisadiyyatının 35-40 faizi Ru­siyanın hesabına formalaşan Hayastana qeyri-rəsmi yollarla hər ay milyardlarla dollar maliyyə axını var. Yəni, Moskva səfərində Paşinyan bütün bu məsələlərə aydınlıq gətirməli olacaq. İrəvan yaxşı başa düşür ki, artıq eyni vaxtda “iki stul­da oturmaq” mümkün olmayacaq. 

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Nikol Paşinyan son dərəcə zid­diyətli siyasətçidir. Onun bu günə qədərki təzadlı, bir-birini təkzib edən açqlamaları kimi, indi verdiyi bəyanatı da bizdə müəyyən şübhələr doğurur. İndi belə bir sual yaranır: əgər, o, anlayır və qəbul edirsə ki, Qarabağ Azərbaycana məxsus əra­zidir, onun torpağıdır, onda 44 gün­lük müharibədə erməni zabit və əs­gərləri nəyin uğrunda vuruşurdular? Minlərlə itkini nəyə görə verdi? On­lar nəyi kimdən müdafiə edirdilər? Ortaya bu cür sualların çıxması tə­biidir. 

Paşinyanın nə dərəcədə səmimi olduğu qeyri-müəyyəndir. Onun az sonra buna tamamilə əks bəyanat verə biləcəyi gözləniləndir. Əlbəttə ki, bölgədə vəziyyət kökündən də­yişib və Ermənistan baş naziri yaxşı başa düşür ki, Azərbaycanla baş-ba­şa gəlmək onun özünün maraqlarına cavab vermir. Çünki, Bakı bütün hallarda ona elə adekvat cavab verə bilər ki, o, hakimiyyəti itirər. Məhz bunu anladığı üçün indi bu xarakter­li bəyanatlarla çıxış edir. 

Hazırda iki ölkənin sərhədində delimitasiya prosesinə start verilib. Aydın məsələdir ki, Azərbaycan geri aldığı dörd kəndlə kifayətlənməyə­cək. Gündəlikdə daha dörd kənd durur. Bundan başqa, Zəngəzur dəhlizi, Ermənistan konstitusiyasın­da qonşularına qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qal­dırılması məsələləri var. Bütün bu məsələlər öz həllini tapandan sonra sülh sazişini imzalaya, dinc və təh­lükəsizlik şəraitində yaşaya bilərik. O zaman Paşinyanın ziddiyyətli bəyanatları bizi heç maraqlandırma­yacaq.

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi 

Ermənistan baş naziri Nikol Pa­şinyan İkinci Qarabağ müharibəsin­dən sonra yaranan yeni reallıqları anladı. Onu da başa düşdü ki, Azər­baycanla növbəti müharibə ölkəsini fəlakətə sürükləyə və bu, onun haki­miyyətinin sonun yaxınlaşdıra bilər. Ermənistan ordusu hələ də özünə gəlməyib, aldıqları silahlar da işə yaramır. Məhz belə bir vəziyyətdə Paşinyan qəbul edir ki, əsas məqsə­di Azərbaycanla razılaşmaların sa­yını artırmaqla, son nəticədə sülh sazişini, yaxud da çərçivə sənədini imzalamaq olmalıdır. Bunun üçün sərhədlərin delimitasiyası ilə bağlı Bakının tələblərini yerinə yetirməyə məcburdur. Paşinyan bunları Ermə­nistan ictimaiyyətinə anlatmaqla məşğuldur. 

O, həm də Qarabağ səhifəsinin Ermənistanın üzünə bağlandığını da başa düşür. Qarabağdan köçmüş həmin ermənilər özləri etiraf edirlər ki, İrəvanın onları geri qaytarmağa gücü yoxdur. Bu məsələ Ermənis­tan hakimiyyətinin gündəmində durmur. Amma elektorat yenə də Paşinyanı dəstəkləyir. Cəmiyyətin sifarişi ondan ibarətdir ki, baş nazır­ləri Azərbaycanla tezliklə razılaşma əldə etsin. Dörd kəndi qaytardığına görə revanşistlər, radikallar Nikol Paşinyanı “satqın” adlandırsa da, görürük ki, onlar İrəvanda insanları küçələrə çıxara bilmirlər. 

Erməni cəmiyyəti yorulub, heç müxalifətin də taqəti qalmayıb. Onlar müharibədə məğlub olmuş Paşinyana ona görə baş nazir man­datına verdilər ki, bir daha müharibə olmasın və hökumət Azərbaycan və Türkiyə ilə problemlərini həll etsin.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

İmran BƏDİRXANLI