USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Müştərək xəyanət


https://img.baki-baku.az/news/2024/04/photo_12110.jpg

Azərbaycan–ABŞ münasibətlərində hər zaman pozuculuqla məşğul olan ermənipərəst konqresmenlər yenə iş başındadırlar. Ölkəmizə qara yaxmağı, böhtan atmağı həyatlarının mənasına çevirən qanunvericilər bu dəfə bir qədər də irəli gediblər. Onlar yunan lobbisi ilə birləşərək həftə ərzində Azərbaycana qarşı sanksiyalarla bağlı qanun layihəsi təqdim etməyi planlaşdırırlar. Sanksiya siyahısına 40-dan çox şəxsin – məmurların, hərbçilərin, hakimlərin, müstəntiqlərin adlarının daxil edildiyi bildirilir. Qeyd olunur ki, qanun layihəsində Bayden Administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Maqnitski qanunu çərçivəsində 180 gün ərzində həmin şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.

Layihənin hazırlanmasının əsas təşəbbüskarı və müəllifi Nümayəndələr Palatasında Nevada ştatını təmsil edən demokrat konqresmen Dina Titusdur. Onun başçılıq etdiyi qanunvericilər qru­puna hər iki partiyanı və Konqresin hər iki palatasını təmsil edən şəxslər daxildir. D.Titus ABŞ-dəki erməni lobbisinin fəal üzvlərindəndir.

“Azərbaycanda sanksiyalara baxış aktı” adlandırılan layihə barədə xanım Titus ilk dəfə ötən həftə erməni diaspo­runun qondarma soyqırımı ilə bağlı Konqresdə təşkil etdiyi tədbirdəki çıxı­şında bəhs etmişdi. Tədbir hayların Bir­ləşmiş Ştatlardakı əsas diaspor təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəyi ilə keçirilmişdi. Titus çıxı­şında demişdi ki, həftə ərzində layihəni təqdim etməyi planlaşdırır: “Bu, “Artsax”­da etnik təmizləməni (?) idarə edən və ya həyata keçirən Azərbaycan rəsmilərinə qarşı müxtəlif sanksiyalar tətbiq edəcək. Bu cür hərəkətlərə görə onların cavab vermək vaxtıdır”.

D.Titusun ofisindən “BBC”-nin Azər­baycan xidmətinə hazırlanan qanun la­yihələri barədə şərh vermədiklərini de­yiblər. Amerika Erməni Milli Komitəsinin saytında isə D.Titusun lobbiçilik fəaliyyəti barədə təfərrüatlı məlumatlar var.

Mediada yayılmış siyahını nəzər­dən keçirdikdə, necə deyərlər, xoruzun quyruğu görünür. Bir daha aydın olur ki, konqresmenlər “erməni sevdası” ilə əlaqədar bu addımı atıblar. Onların bu addımı 2020-ci ildən bu yana işğalçı Er­mənistan ordusu üzərində parlaq qələ­bələr qazanmış, separatçı rejimi tarixin arxivinə göndərmiş Azərbaycanı, onun Silahlı Qüvvələrini “cəzalandırmaq” cəh­didir. Vətən müharibəsində Zəfərin əldə olunmasında xüsusi xidmətləri olan, ad­larını Azərbaycan dövlətinin və xalqının tarixinə qızıl hərflərlə yazan Silahlı Qü­vvələrimizin ali zabit heyətinə daxil olan şəxslərin adlarının siyahıya daxil edilmə­si böyük hiddət doğurur. Eyni zamanda, ermənilərin pulları ilə bəslənən konqres­menləri bir daha gözdən salır və onlara münasibətdə ikrah hissinin baş qaldırma­sına gətirib çıxarır.

Layihədə, həmçinin Azərbaycanda həbsdə saxlanan və barələrində məh­kəmənin çıxaracağı hökmü gözləyən erməni separatçılarının “hüquqlarının pozulduğu”nun bildirilməsi onun hayların sifarişi ilə hazırlanmasına heç bir şübhə yeri qoymur.

Konqresmenlərin bu addımı Ermənis­tan–Azərbaycan dialoquna da zərbə vur­maq məqsədi daşıyır. Düzdür, son vaxt­lar rəsmi İrəvanın mövqeyində pozitiv elementlər nəzərə çarpır. Bu kontekstdə iki ölkə arasında yaradılmış delimitasiya və demarkasiya üzrə komissiyanın apre­lin 19-da keçirilən iclasında Qazax rayo­nunun işğal altındakı 4 kəndinin ölkəmizə qaytarılması ilə bağlı qəbul edilən qərarı xüsusi qeyd etmək lazımdır. Eyni zaman­da, ölkələrin xarici işlər nazirlərinin Qa­zaxıstanda görüşməsinin mümkünlüyü müzakirə edilir. Daha doğrusu, Azərbay­can tərəfi belə bir görüşə razılıq verib. Əgər Ermənistan da razılıq versə, o za­man XİN başçıları səviyyəsində görüşlər bərpa olunacaq. Ancaq konqresmenlər öz əməlləri ilə Cənubi Qafqazda sülhün təmin olunmasına əngəl törədirlər.

Mövzu üzrə söhbətləşdiyimiz “Qafqaz Strateji Araşdırmalar Mərkə­zi”nin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy bil­dirdi ki, Azərbaycanla ABŞ arasındakı münasibətlər həm rəsmi Bakının, həm də Vaşinqtonun Cənubi Qafqaz siyasəti baxımından əhəmiyyətlidir. Onun sözlə­rinə görə, 1991-ci ildən indəyək Azərbay­can–ABŞ münasibətlərində hər zaman bir neçə parametr önə çıxıb: “Bunlardan biri iki ölkə arasındakı siyasi münasi­bətlərdir. Enerji sahəsində əməkdaşlıq da münasibətlərdə xüsusi rola malikdir. 2001-ci ildə Əfqanıstanda başlayan anti­terror əməliyyatından sonra münasibətlə­rimizə təhlükəsizlik aspekti də əlavə edil­di. Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni səhifənin açılması kon­tekstində Azərbaycan–ABŞ münasibətlə­ri daha da aktuallaşıb. Vaşinqton bölgəyə maraq göstərir. Bu çərçivədə müəyyən vasitəçilik cəhdləri də oldu. Ancaq ermə­ni lobbisinin proseslərə aktiv müdaxiləsi münasibətlərə zərər vurur”.

Politoloq qeyd etdi ki, hazırda belə bir layihənin gündəmə gəlməsi həm zaman, həm siyahının məzmunu, həm də proses­lərin inkişafı baxımından problem yaradır. Onun sözlərinə görə, zaman baxımından ona görə problemlidir ki, Azərbaycan və Ermənistanın 4 kəndlə bağlı bugünlərdə əldə etdiyi razılaşma münasibətləri nor­mallaşdırma yolunda daha bir addım oldu: “Artıq Rusiya sülhməramlıları da Qarabağ iqtisadi rayonundan çıxarılır. Bu dövrdə amerikalı konqresmenlər tərəfin­dən belə bir layihənin gündəmə gətiril­məsi Azərbaycan–ABŞ münasibətlərinə mənfi təsir göstərən məqamdır. Məlum olduğu kimi, payızda ABŞ-də prezident seçkiləri keçiriləcək. Bu çərçivədə müxtə­lif senatorlar, konqresmenlər erməni di­asporunun təşviqi, təzyiqi, onlara xoş gö­rünmək üçün bu cür fəaliyyət göstərirlər. Belə bir layihənin ortaya çıxmasına da bu çərçivədən baxılmalı məqamdır”.

Müsahibimiz qeyd etdi ki, siyahıya Azərbaycan hərbçilərinin adlarının daxil edilməsi Bakı–Vaşinqton münasibətlə­rinə daha ağır formada təsir edə bilər: “Bu, Azərbaycan–ABŞ münasibətlərini təkcə rəsmi səviyyədə deyil, həm də ic­timai səviyyədə pisləşdirən amildir. Çün­ki siyahıda adı çəkilən Müdafiə nazirinin müavini Quru Qoşunlarının komandanı, general-leytenant Hikmət Mirzəyev Vətən Müharibəsi Qəhrəmanıdır. O, çox sevilən generallardan biridir. Xalqın ona böyük sevgisi var. Adları çəkilən digər hərbçilər də Azərbaycan Ordusunun idarə edilmə­sində mühüm vəzifələr tuturlar. Azərbay­can Ordusu hazırda xalq tərəfindən çox sevilir. Belə bir ordunun mənsublarını haqsız yerə təqsirləndirmək, təbii ki, sa­dəcə, Azərbaycan və ABŞ arasında si­yasi, dövlətlərarası münasibətlərə zərbə vurmur, mənfi tendensiya yaratmır, həm də Azərbaycan xalqında ABŞ-yə münasi­bətdə neqativ çalarları gücləndirir”.

N.Cəfərsoy bildirdi ki, ABŞ və NATO-nun Azərbaycanla müdafiə sahə­sində əməkdaşlıq etmək istədiyi hamıya məlumdur. Ancaq Azərbaycanla əmək­daşlıq etmək istəməklə Ordumuzun xalq arasında ən çox sevilən və NATO stan­dartlarına çatdırmaq üçün səy göstərən ali zabitlərinin adlarını hansısa siyahıya daxil etmək bir-biri ilə düz gəlmir. Eyni zamanda, əsasən Qərbi hədəf alan beynəlxalq terrorizmə qarşı uğurlu əmə­liyyatları ilə tanınan milli təhlükəsizlik orqanlarının rəhbər şəxsləri ilə bağlı bu cür addımlar atmaq həm də ABŞ–Azər­baycan təhlükəsizlik əməkdaşlığı imkan­larına ciddi zərbə vurmaq deməkdir.

Mərkəz rəhbəri “Layihə Konqresə təqdim edilərsə, nə baş verəcək” sualına belə cavab verdi: “Biz ilk növbədə ona imza atacaq konqresmenlərin tərkibinə, hansı qrupların fəallıq göstərəcəyinə bax­malıyıq. Digər tərəfdən, yunan və erməni lobbisinin burada imkanlarını nə dərəcə­də səfərbər edə biləcəyi önəmli məqam­dır. Bundan əlavə, ABŞ Administrasiyası­nın burada tutacağı mövqe, Konqresdəki proseslərə müdaxilə edib-etməyəcəyi, prosesləri yumşaldıb-yumşaltmayacağı da əhəmiyyətli məqamlardan birini təş­kil edir. Qarşıda seçkilər var. Seçkilər öncəsi erməni lobbisinin içində olduğu prosesin hədəfinə çevrilmək, açığı, həm neqativ çalarlı, həm də Azərbaycan–ABŞ münasibətlərinin əleyhinə işləyə biləcək məqamlardandır”.

Bu arada bədnam layihə təşəbbüs­karının yunan əsilli olduğu da diqqətdən qaçmır. Belə ki, 1950-ci ildə Corciya ştatının Tomasvill şəhərində anadan olan Titusun anası yunan mənşəlidir. Onlar Yunanıstanın Fessaliya tarixi böl­gəsindəndir. Titusun babası Artur Kons­tantinos Katonis Nyu Yorka (Ellis ada­sına) gəlib. D.Titusun bioqrafiyasında onun yunan pravoslavlığı ilə böyüdüyü qeyd edilib. Titus 1980-ci ildə ilk dəfə Yunanıstana səfər edib, Afina və Tri­kala şəhərlərində yaşayan qohumları ilə görüşüb. Beləliklə, aydın olur ki, biz ABŞ-də yaxınlaşan prezident seçkiləri ərəfəsində önəmi xüsusilə artan ermə­ni lobbisinin Şimali Kipr məsələsində Azərbaycan əleyhdarlığı çoxalan yunan lobbisi ilə əməkdaşlığı ilə üz-üzəyik. Bu prosesin qarşısını almaq üçün okeanın o tayındakı Azərbaycan, Türkiyə və di­gər türk respublikalarının diasporları hərəkətə keçməli, layihənin qəbulunun Bakı–Vaşinqton münasibətlərinə mənfi təsir edəcəyi barədə konqresmenlərlə izahat işi aparmalıdırlar. Nümayəndələr Palatasında və Senatda ermənipərəst­lərlə yanaşı, Azərbaycanın haqlı mü­barizəsinə dəstək verənlər, ölkəmizin strateji əhəmiyyətini dərk edənlər, bizi özlərinə dost sayanlar da var. Onların arqumentləşdirilmiş çıxışları layihənin elə layihə olaraq qalmasında mühüm rol oynaya bilər.

Səxavət HƏMİD




Redaktorun seçimi

Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu
Tbilisi Qərbin təhdid hədəfində
  • Dünya
  • 13:46 03.05.2024
Tbilisi Qərbin təhdid hədəfində

Səxavət HƏMİD